• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İspaniyada təhsil alan tələbə: İspanlardan fərqli olaraq bizdə insanlar daha çalışqan və məsuliyyətlidir – “Uğur formulu”

Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ülviyyə Orucovadır.

Ülviyyə Orucova  1989-cu ildə Tovuz rayonunda anadan olub. 9-cu sinfə qədər Moskva şəhərində təhsil alan Ülviyyə 2005-ci ildə ailəsi ilə birlikdə Azərbaycana geri dönüb. Daha sonra Tovuz rayonu N. Tusi adına tam orta məktəbdə oxuyub. 2008-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İspan filologiyası fakültəsinə daxil olub. Magistratura səviyyəsindəki təhsilini də bu universitetdə alıb. Hazırda İspaniya Barselona Avtonom Universitetinin ispan filologiyası üzrə doktorantura səviyyəsində təhsil alır.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Mənim ixtisasım filoloq olduğuna görə xaricdə təhsil dil biliyimin mükəmməl olması üçün çox kömək edir. Baxmayaraq ki, Bakıda universiteti ispan filologiyası üzrə bitirmişəm, buraya gəldikdə çox çətinliklər çəkdim. Çünki universitetdə əsasən qrammatikaya üstünlük verilir, danışıq üçün isə praktika lazımdır və onu, əsasən həmin dilin daşıyıcısı ilə öyrənmək olar. Buraya gəldikdən sonra dil biliyim qat-qat artıb, artıq ispan mədəniyyətinə uyğunlaşmışam.

Barselonaya gəldikdən sonra ispanlarla əlaqələr qururdum və onların dili, mədəniyyəti haqqında söhbət edirdim. Onlar mənə ispanlarla bağlı kitablarda olmayan və universitetdə dərs zamanı keçirilməyən xüsusiyyətlər haqqında danışırdılar. Doktorant olduğum üçün  arxivlərə və bütün kitabxanalara giriş mənim üçün açıq idi. Beləliklə, dil, mədəniyyət üzrə biliklərimi artırdım, yeni dostlar və tanışlar tapdım. İspaniyanın müasir həyatı, mədəniyyəti və danışıq dili ilə tanış oldum. Bir sözlə, istədiyimə nail oldum.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Çoxları soruşur nəyə görə bu ixtisası seçdim? Cavab çox sadədir, mən ispan dilini və onun mədəniyyətini çox sevirəm. Burada sadəliklə coşqunluq bir-biri ilə bağlıdır. İspan dilinin və mədəniyyətinin zənginliyi məni məktəbli vaxtlarımdan çox təəccübləndirib. Burada Avropa ilə Asiyanın arasında olan fərqləri, Şərq və Qərb problemlərini avropalıların gözləriylə görmək imkanı yarandı. Elmi işim bunları görmək və aydınlatmaq üçün mənə çox kömək edir.

İspan dili tək İspaniya krallığında deyil, həmçinin Cənubi Amerikada və digər ölkələrdə də danışılır, bu dil ingilis dilindən sonra ən çox danışılan dildir. Azərbaycanda ispan mədəniyyəti çox inkişaf etməyib, ölkəmizdə bu xalqların mədəniyyətini və dilini tanıtmaq üçün peşəkar bir dil mütəxəssisi olmaq məqsədilə bu ixtisası seçdim.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- İspaniyadaki təhsili gördükdən sonra, Bakıda bitirdiyim M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almağın daha çətin olduğunu gördüm. Çox istərdim ki, bu belə də davam etsin. Çünki təhsil yüksək səviyyədədir və tələbələrin hər hansı biliyi əldə etmələri üçün müəllimlər çox çalışırlar. İspaniyada isə, düzünü deyim, təhsilə çox önəm vermirlər. Azərbaycanda təhsil almaq, demək olar ki, məcburiyyətdir, amma ispanlar üçün əlavə bir təcrübədir. Təhsilalanlar sırf bir istiqamətə yönəldilir, bizdə isə hərtərəfli öyrədilirlər.

Mən bitirdiyim M.V.Lomonosov adına Moskva Dövlət Universitetində yalnız təhsilə deyil, həm də tələbələrin ölkədə və xaricdə tanıdılmasına üstünlük verilir. Buna görə tələbələri xaricə konfranslara və təcrübə proqramlarına göndərirlər. Universitetdə ədəbiyyat gecələri keçirilir, tanınmış yazıçılar, alimlər dəvət olunur və tələbələrlə söhbət edirlər. Tələbələrin əl işlərinin sərgisi keçirilir və sair. Bütün bunlara əsasən, deyə bilərəm ki, mən Bakıda da ən gözəl təhsili almışam.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Mən Azərbaycan diasporasının üzvü idim və hər bir tədbirdə universitetə xəbər verirdim, maraqlı olanlar iştirak edirdilər. Burada 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunub. Eləcə də Novruz bayramında mədəniyyətimizi, milli adət-ənənələrimizi tanıtmaq üçün tədbirlər keçirilir, milli mətbəximizi və geyimlərimizi sərgiləyirik.

-  Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Doktorant olduğum üçün mənimlə iş yoldaşı və dost kimi rəftar edirlər, amma ümumi götürsək, tələbələrlə müəllimin əlaqəsi açıqdır. Bütün bunlar da təhsilin keyfiyyətinə təsir edən amillərdəndir.

- Daha çox hansı çətinlikləriniz olub?

- İlk çətinliyi Barselonaya yeni gələn zaman gördüm. Daha doğrusu, ilk dəfə kitabxanaya daxil olub, oradan kitab götürəndə başa düşdüm ki,  hər hansı bir dili öz ölkəsində öyrənmək daha yaxşıdır. Zamanla hər şey düzəldi. Onu da əlavə edim ki, Azərbaycanla İspaniyanın oxşarlığı çoxdur. Buna görə də burada çox darıxmıram.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Təhsil aldığım universitetdə əcnəbi tələbə çoxdur, ona görə mən ispanlardan heç seçilmirəm. Elə bilirlər ki, İspaniyadan, ya da Latın Amerikası ölkələrindənəm.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- İspaniya ilə müqayisə etsək, bəzi məqamlarda hətta deyərdim ki, Azərbaycanın təhsili daha güclüdür. Çünki bizdə insanlar çalışqandır, təhsilə önəm verir, məsuliyyətlidir və hərtərəfli hazırlanırlar. İspaniyada isə insanlar təhsili o qədər də vacib hesab etmirlər.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Vaxtım az olduğuna görə əlavə bir məşğuliyyətim yoxdur. Amma vaxt tapan zaman kitab oxuyuram, musiqi dinləyərək gəzirəm. Çalışdığım qədər konfranslarda çox oluram. Belə olduqda başqa şəhərləri görüb, onların mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıram.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?

- Təhsilimi bitirdikdən sonra, Bakıya dönüb öz doğma universitetimdə işləməyi planlaşdırıram. Artıq elmi dərəcəm olacağına görə rahatlıqla istədiyim işlə məşğul ola bilərəm.

- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?

- Xaricdə təhsil özümə olan güvəni artırdı, daha məsuliyyətli etdi. Hədəflərim genişləndi, qarşımdakı maneələr azaldı.

- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Dostlarıma və həmyaşlılarıma həyatda uğurlar arzu edirəm və demək istərdim ki, özlərinə, öz güclərinə inansınlar və hər zaman irəli getsinlər.

1news.az


7 il əvvəl