• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Kanadada təhsil alan tələbə: Hər kəsin sevdiyi sahədə təhsil alması önəmlidir – Uğur formulu

Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Cahanşir Əfəndiyevdir.

Cahanşir Əfəndiyev 1997-ci il sentyabrın 12-də Bakıda anadan olub. İlk təhsilini Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə alıb. 7-ci sinifdən etibarən isə  Bakı Özəl Türk Liseyində təhsilini davam etdirib. Hazırda Kanadanın Toronto Universitetində sənaye mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan C.Əfəndiyev öz uğur hekayəsini bölüşür.

- Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

-Təbii ki, xaricdə təhsil hüququ həm akademik, həm də sosial mühitdə insana bir sıra üstünlüklər qazandırır. Bunlardan ən önəmlisi universitet daxilində öyrədilən biliklərin yalnız nəzəri deyil, həm də praktiki əksinin göstərilməsidir. Həmçinin, mühəndislik kimi tətbiqi elmlərin tədqiqat imkanları prosesləri daha dərindən öyrənməyə imkan yaradır.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Əslində artıq məktəb dönəminin son illərində müəyyən qədər hansı sahəyə marağımın olduğunu müəyyənləşdirmişdim, lakin konkret olaraq hansısa mühəndislik sahəsini seçməkdə çətinlik çəkirdim. Texniki sahədən daha uzaq, ayrı-ayrı mühəndislik sahələrinin proseslərini idarə etmək o illərdə mənə daha cəlbedici görünürdü. Araşdırdıqdan sonra, məhz sənaye mühəndisliyi ixtisasının bu işə yaxın olduğunu gördüm. Həmçinin, ixtisasın cavan və sürətlə böyüməkdə olması da bu səbəblərə daxil idi.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?

-Həm tələbə təşkilatları, həm də Torontoda yaşayan həmyerlilərimiz ilə birlikdə son illərdə bir sıra tədbirlər keçirilir. Bunlara həm milli, həm də respublika bayramları daxildir. Milli bayramların əksəriyyətini öz həmyerlilərimiz ilə birlikdə qeyd etsək də, digər önəmli günlərdə bir sıra sərgi və ya Azərbaycan rəqs günləri keçirilir. Mən bu cür tədbirlərin təşkilində  yaxından iştirak etməyə çalışıram.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Əslində Amerika qitəsindəki əksər ali məktəblər kimi Toronto Universitetində də müəllim-tələbə münasibətlərində ən əsas söz sahibi tələbədir. Yəni, fərqli ixtisas dərslərindən olan əksər professorlar leksiya saatında maksimum dərəcədə biliklərini tələbəyə öyrətməyə çalışır. Lakin mühazirə saatları xaricində hər hansı mövzunu yenidən öyrətmək üçün tələbə şəxsən professora müraciət etməlidir. Çünki böyük miqyaslı bir sinfin hər tələbəsinin mövzunu hansı dərəcədə anladığını professorun təyin etməyi çox çətindir.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

-Bəli, ümumilikdə 68.000 tələbənin 16 faizi məhz əcnəbi tələbələrdir. Dünyanın bir sıra ölkələrindən fərqli ixtisaslarda çoxlu sayda əcnəbi tələbə təhsil alır. Heç bir ixtisas növündə bu tələbələrə hər hansı ayrı bir qrupda təhsil verilmir. Hər kəs eyni dərsləri götürdüyünə görə münasibət də çox isti olur.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

-Dünya təcrübəsində təhsildə keçirilən dəyişikliklər ən qısa zamanda nəticə verən dəyişikliklərdir və insan faktoru, insan kapitalı bir nömrəli prioritetdir. Arzu edirəm ki, Azərbaycanda da bu proseslər sürətlənsin.

- Çətinlikləriniz varmı?

-Torontoda ən önəmli çətinliklər dərs proqramının ağırlığı və hava temperaturu ilə bağlıdır. Toplam dərs periodu maksimum dərəcədə ən qısa vaxtda sıxışdırıldığı üçün az vaxtda çox akademik iş tələb olunur. Hava faktoru isə bildiyiniz kimi, Kanadada qış ayları şaxtalı və sərt keçir. Və sizə qışın nə zaman başlayacağı deyilmir.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

-Həftə sonları əksər hallarda Torontoda təhsil alan digər azərbaycanlı tələbələrlə görüşlər təşkil etməyə, birlikdə futbol oynamağa və ya izləməyə çalışıram. Dərs günlərində asudə vaxt olduqda isə bir sıra fərqli mövzularda şəxsi mütaliə aparıram.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?

- Əslində təhsil aldığım ixtisas böyük miqyaslı, fərqli iş imkanları yaratdığı üçün hər hansı bir konkret iş sahəsi və ya spesifik şirkətləri bildirmək çətindir. Lakin hazırkı ixtisas yönünü əməliyyat tədqiqatları sahəsində seçmişəm və məzun olduqdan sonra mühəndislik əməliyyatlarının tədqiqatı sahəsində işləməyi planlaşdırıram.

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

-Bəlkə də bir az şablon səslənsə də, mənə görə təhsil konseptində ən önəmlisi hər kəsin sevdiyi sahədə təhsil alması, bu sahədə özünü inkişaf etdirməsidir. Yəni, ümumi universitet sıralamaları ilə deyil və ya sırf xarici bir universitetdən məzun olmaq üçün deyil, gələcəkdə sahib olacaq sevdiyi ixtisası öyrənmək önəmlidir.

 

1news.az


7 il əvvəl