• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Arzularına çatmaq üçün dayanmadan çalışsınlar" - "Uğur formulu"

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan birgə layihəsi "Uğur formulu”nun qonağı Kanadanın Vaterloo Universitetinin tələbəsi Anar Xəlilzadədir. 

Anar Xəlilzadə Kanadanın Vaterloo Universitetində kimya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsilini davam etdirir.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Xaricdə təhsil almaq imkanı mənim hələ uşaqlıqdan olan arzumun reallaşmasına imkan yaradıb. Xüsusilə seçdiyim kimya mühəndisliyi ixtisası üzrə Qərbdə olan inkişaf səviyyəsini nəzərə alsaq, xaricdə təhsilin mənə və mənim ölkəmə nə qədər faydalı ola biləcəyini görərik.

İnanıram ki, xaricdə təhsil ölkəmizdə çox da populyar olmayan, ancaq olduqca vacib bir sahə üzrə əsl peşəkar kimi yetişib Azərbaycanda çalışmağıma yardımçı olacaq. Bundan əlavə, xaricdə təhsil almaq hər kəsə sərbəst yaşamağı, müəyyən məsələlər üzrə sərbəst qərar verməyi öyrədir və yekunda insanın tam bir yetkin fərd kimi öz cəmiyyətinə töhfə vermək prosesini sürətləndirir.

Təhsil aldığım Kanadanın Vaterloo Universiteti mənim gözləntilərimi tam olaraq doğruldur. Burada seçdiyim sahə üzrə yüksək səviyyəli peşəkar olmağım üçün hər bir şərait yaradılıb. İstər təhsil, istər ictimai həyat baxımından burada keçirdiyim günlər hədsiz dərəcədə maraqlı və yaddaqalan hadisələrlə zəngindir. 

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Vaterloo Universiteti mənim təhsil aldığım ilk ali məktəbdir. Odur ki, bu barədə hər hansı bir fikir irəli sürməyim mümkün olmayacaq. 

- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

-Təhsil almağa yola düşərkən daha çox Azərbaycana aid materiallar və müxtəlif atributları özümlə götürdüm. Bunlara ölkəmizin bayrağı, Azərbaycan haqqında ingilis dilində olan broşürlər, disklər, milli şirniyyatlar və suvenirlər aiddir. Burada tanış olduğum hər kəsə bacardığım qədər ölkəmiz haqqında məlumat verməyə çalışıram. Tələbə yoldaşlarımın Azərbaycana marağı böyükdür. 

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Öz arzularına çatmaları üçün dayanmadan çalışsınlar. Müasir dünyada əldə olunmayacaq bir şey yoxdur. Sadəcə, nəyəsə nail olmaq üçün məqsədyönlü, çalışqan, dürüst olmaq lazımdır. Dövlətimiz tərəfindən arzularımızın reallaşması üçün hər bir şəraitin yaradılacağına inanaraq, irəliləməyi məsləhət görürəm. Sırf mühəndislik ixtisası üzrə təhsil almaq niyyətində olanlara məhz oxuduğum Vaterloo Universitetinin Mühəndislik fakültəsini seçməyi tövsiyə edirəm. 

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Müəllimlərlə tələbələr arasında sərbəst və səmimi münasibətlər mövcuddur. Burada müəllimlərlə sıx interaktiv təmasda olmaq çox önəmlidir. Bunun üçün müəllimlər tərəfindən hər bir imkan yaradılır. Universitetin müəllim heyətinin əsas məqsədi tələbələrin hər bir sualını ətraflı şəkildə cavablandırmaq və səmimi akademik mühit yaratmaqdır. 

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Vaterloo Universitetində çoxsaylı əcnəbi tələbə təhsil alır. Universitet rəhbərliyi və müəllimlər tərəfindən tələbələr heç bir halda yerli və ya əcnəbi olaraq fərqləndirilmir. Hər bir tələbəyə eyni dərəcədə şərait yaradılır. Universitetdə 50-dən çox azərbaycanlı tələbə təhsil alır. Çalışırıq hər zaman istənilən məsələdə biri-birimizə dəstək olaq. 

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycanda ali təhsil almadığım üçün bu sualı cavablandırmağa çətinlik çəkirəm. Bununla belə, məndə olan məlumata əsaslanaraq, sırf mənim ixtisasım olan kimya mühəndisliyi sahəsində təhsilin daha da inkişaf etdirilməsinin və praktiki təcrübələrin artırılmasının vacib olması qənaətindəyəm. 

- Çətinlikləriniz varmı?

- Tələbəliyimin ilk ili olmasına görə təbii ki, vaxtaşırı müəyyən çətinliklərlə rastlaşıram. Bunlar əsasən, kiçik məişət problemləri, dərslərimin çox olmasına görə vaxt azlığı, ölkəmizdən fərqli olaraq Kanadaya xas soyuq hava və bu kimi digər amillərdir. 

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Təəssüf ki, dərslərimin çox intensiv olması səbəbindən asudə vaxtım çox azdır. Amma vaxt olanda çalışıram ki, idmanla məşğul olum. Universitetin nəzdində bunun üçün hər bir imkan yaradılıb.

 

Lent.az


7 il əvvəl