• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Azərbaycanda da şəxsi tyutor sisteminə ehtiyac var" - "Uğur formulu"

Lent.az-ın Təhsil Nazirliyi ilə birgə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Varvik Universitetinin tələbəsi Şəlalə Ədilovadır.

Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü Ş.Ədilova  Böyük Britaniyanın Varvik Universitetində təhsilin inkişafı və idarəolunması ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Yəqin ki, İngiltərədə təhsil alan əksər tələbələr razılaşar ki, Böyük Britaniya təhsil sistemində ilk öyrəndiyimiz akademik yazı bacarıqları olur. Baxmayaraq ki, Azərbaycanda da bunları öyrənmişik, amma İngiltərədə tələblər daha yüksəkdir.

Boloniya prosesinə qoşulmuş digər ölkələrdən fərqli olaraq, İngiltərədə 70 baldan 100-ə qədər ‘A’ kimi qiymətləndirilir. Bundan başqa, hər dərs üçün yazdığımız məqalələrdə yalnız müvafiq ədəbiyyatın məruzəsi deyil, daha çox həmin ədəbiyyat haqqında kritik düşüncəmiz tələb olunur. Bu səbəbdən də, analitik düşünmə qabiliyyətim kifayət qədər inkişaf edib. Məni qane etməyən yeganə amil təhsilin daha çox nəzəriyyəyə və yazı qabiliyyətinə əsaslanmasıdır.

Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- İlk təhsil aldığım ali məktəbə daxil olan tələbələrin ən azı yarısı digər rayonlardan olan şəxslər idi və əksəriyyəti ilk dəfə ailəsindən ayrı qalırdı. Bu səbəbdən, psixoloji problemləri yarandıqda bəzi müəllimlər həll etməyə çalışırdılar. Bu baxımdan düşünürəm ki, bizim universitetlərdə də şəxsi tyutor sisteminə ehtiyac var. Bununla da tələbələr emosional cəhətdən dəstək alaraq, dərslərində daha uğurlu ola bilərlər.

Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

- YUNESKO-nun Mədəni İrsi siyahısında yer alan abidələrimiz, Azərbaycan milli mətbəxi, turistlər üçün dilimizdə istifadə olunan əsas sözlər və onların ingilis dilinə tərcüməsi, Bakının görməli yerləri haqqında kitabları özümlə bura gətirmişəm. Ölkəmiz haqqında daha geniş məlumat almaq istəyən müəllim və tələbələri sadaladığım kitablar vasitəsilə Azərbaycanla daha yaxından tanış edirəm.

Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Marşal Qoldsmisin məşhur bir kitabının adı belədir: “Səni bura qədər gətirən, bundan sonra apara bilməz”. Bu baxımdan hər gün yeni biliklər əldə etmək zəruridir. Daha sonra isə həmin biliklərdən təcrübədə yararlanmalıyıq ki, həm səmərəsini görək, həm də biliklərimizi daha da inkişaf etdirə bilək.

Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Varvik Universitetində müəllim-tələbə münasibətində rəsmi çərçivə qorunur. Lakin müəllimlər lazım olduğu vaxt hadisələrə istər əcnəbi, istərsə də yerli tələbələrin perspektivi baxımından yanaşaraq, bir valideyn kimi qayğı da göstərirlər.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Universitetimizdə hər tələbənin şəxsi tyutoru var. İstər dərslərlə, istər gündəlik həyatla bağlı hər hansı bir psixoloji çətinlik yarandığı halda, onlar problemin həllinə çalışırlar. Həmçinin, fənni tədris edən müəllimdən əlavə, fənn tyutorları da fəaliyyət göstərir. Fənn tyutorlarının əsas işi məqalələr yazdığımız zaman planımıza baxaraq, bizi düzgün istiqamətləndirməkdir.

Universitetin kampusundakı hər tədbir və hadisə ilə bağlı da tez-tez dəvətlər alırıq. Bu da bizə universitetə inteqrasiya etməyə dəstək olur.

Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycan təhsilini inkişafa ehtiyacı olan və buna cəhd edən təhsil sistemi kimi görürəm. Xaricdə təhsil üzrə Dövlət Proqramının yüzlərlə məzunu ölkəyə qayıdaraq, öyrəndiklərini tətbiq etdikdən sonra bu inkişafın daha da sürətlənəcəyinə inanıram.

Çətinlikləriniz varmı?

- Dərs ilinin ilk ayında buradakı tədris mühitini tam anlamağa çalışdığım zaman çətinliklərlə üzləşdim. Tələblərin bacarılmayacaq qədər çox olduğunu düşünürdüm. İlk məqaləmi yazmaq üçün 20 gün ərzində 32 kitab oxumalı oldum. İndi artıq buranın təhsil sisteminə öyrəşdiyim üçün çətinliklər aradan qalxıb.

Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtlarımda universitetin Karyera Mərkəzində və bir sıra tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərirəm. Həmçinin, İngiltərə daxilində və digər Avropa ölkələrinə səyahət edirəm. Bundan əlavə, fransız dili biliyimi təkmilləşdirirəm.

 

Lent.az


8 il əvvəl