Təhsil nazirinin müavini Ceyhun Bayramov “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu”nda çıxış edib
Fevralın 10-da London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu” keçirilib. Forumun açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru xanım Rebeka Haqs çıxış ediblər.
C.Bayramov öz çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ilə bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və təhsilin ən dinamik şəkildə inkişaf edən sahələrdən biri olduğunu, Azərbaycan hökumətinin bilik iqtisadiyyatına keçid dövründə təhsil islahatlarına xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın bu islahatlar üçün yol xəritəsi olduğunu nəzərə çatdırıb. Nazir müavini iki ölkə arasında ali təhsil sahəsində artıq uğurlu əməkdaşlıq layihələrinin mövcud olduğunu bildirərək, bu layihələrin həm kəmiyyət, həm də keyfiyyət baxımdan artırılmasının vacibliyini vurğulayıb. C.Bayramov Azərbaycan tələbələri üçün Böyük Britaniya ali təhsil müəssisələrinin cəlbediciliyinə də diqqət çəkərək, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılmış təqaüdlərin 1/3-nin məhz bu ölkədə təhsil alan tələbələrə verildiyinə diqqət çəkib.
Daha sonra işçi sessiyalar çərçivəsində Azərbaycan və Böyük Britaniya universitetlərinin nümayəndələri ali təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın cari durumu və gələcək əməkdaşlıq perspektivləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı professor-müəllim və tələbə mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, ali təhsilin idarəolunması sahəsində uğurlu təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər ətraflı şəkildə müzakirə olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23