28.12.2015

2015-ci təqvim ilinin təhsil xronikası

Təhsil Nazirliyi 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təqdim edir.

 

Təhsil siyasəti

 

- Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əmək haqqı və dərs yükü artırılıb.

- Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib.

- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılıb.

- Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib, eyni zamanda digər sərəncamla Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb.

- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub.

- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib. Sərəncama müvafiq olaraq, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.

- Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanmış 50 ümumtəhsil məktəbinin hər biri 10 000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəlmiş 100  müəllimin hər biri isə 5 000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.

- Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

- “”Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə” ölkə Prezidentinin Fərmanından irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələrinin xərclərinin mərkəzləşdirilmiş maliyyələşdirilməsi barədə mühüm qərar qəbul edilib.

- 2015-ci ildə ölkə Prezidentinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 129 nəfər dövlət təltifləri ilə mükafatlandırılıb, o cümlədən 1 nəfərə “Şöhrət” ordeni, 62 nəfərə “Tərəqqi”, 2 nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib, 4 nəfər “Əməkdar elm xadimi”, 60 nəfər “Əməkdar müəllim” fəxri adı alıb. Eyni zamanda, 2015-ci il ərzində 105 nəfər təhsil işçisi Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil işçisi” döş nişanı və 304 nəfər Fəxri Fərmanla təltif edilib.

 

Məktəbəqədər təhsil

 

- Heydər Əliyev Fondunun Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının icrası çərçivəsində ölkənin bütün şəhər və rayonlarında müvafiq tədbirlər həyata keçirilib.

- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının layihəsi hazırlanıb.

- 2015-ci ildə ölkənin bütün şəhər və rayonlarında (Bakı şəhəri istisna olmaqla) “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)” üzrə məktəbəqədər təhsil müəssisələrinin 8 275 nəfər pedaqoji işçisi üçün öyrədici təlimlər keçirilib.

 

Ümumi təhsil

 

- 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 58 məktəbin 10-cu siniflərində 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb.

- Bakıda və Sumqayıtda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə verilib.

- Bu il ilk dəfə olaraq Respublika fənn olimpiadalarının keçirilməsində yeni qaydalar tətbiq olunub. Belə ki, fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçirilib.

- Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. 80-ə yaxın ölkədən məktəblilərin iştirak etdiyi Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı məktəblilər Hüseyn Babayev və Sergey Styopin bürünc medal qazanıblar.

- Yunanıstanın paytaxtı Afina şəhərində məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında riyaziyyat fənni üzrə məktəblilərimizdən 3-ü bürünc medal qazanıb və 1-i isə həvəsləndirici yer tutub. Belə ki, Bakı məktəblisi–X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri–XI sinif şagirdi İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi–IX sinif şagirdi Mirəli Əhmədli həvəsləndirici sertifikata layiq görülüblər.

- ABŞ-ın Hyuston şəhərində 70-ə yaxın ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadası keçirilib. Bakı Avropa Liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli və Fuad Abdulzadənin “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihəsi olimpiadaya “Ətraf mühitin idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 427 layihə içərisində qalib gələrək qızıl medala layiq görülüb.

- Azərbaycan məktəbliləri Tailand Krallığının Çanq Mai şəhərində keçirilən 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanıb. Olimpiadada Azərbaycan komandasının üzvləri Məhəmməd Şirinov və Fərid Həsənli bürünc medala layiq görülüblər. Mirəli Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və Fərman Dumanov isə həvəsləndirici sertifikatla təltif olunublar.

- Son 1 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda yüksək nailiyyət əldə edərək 22 medal qazanıblar. Belə ki, 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmiz  uğurlu nəticə əldə edərək, MDB ölkələri arasında 2-ci, Avropa ölkələri arasında isə 3-cü yeri tutub.

- Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən “XI Beynəlxalq Jauitikov” bilik olimpiadasında yüksək nəticələr əldə ediblər. Riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı “İstək” liseyinin XI sinif şagirdi Məhəmməd Şirinov II yeri tutaraq gümüş, Quba “İstək” liseyinin XI sinif şagirdi Tahir Nadirov III yeri tutaraq bürünc medal qazanıblar. Fizika fənni üzrə olimpiadada Quba “İstək” liseyinin X sinif şagirdi Səbuhi Mikayılov III yerə çıxaraq bürünc medala layiq görülüb.

- “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçirilib. Qaliblər sırasından seçilmiş 7 nəfər Azərbaycan məktəblisi ABŞ-ın Pitsburq şəhərində yuxarı sinif şagirdləri üçün keçirilən İntel İSEF (Intel International Science and Engineering Fair)–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.

- “Elektron təhsil” Respublika müsabiqəsi keçirilib.

- Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər tədris edirlər.

- Bərdə rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.

- Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiymət alanların sayı azalmaqdadır. 2012-ci il illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14 faiz azalıb. Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir.

- 2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum–700 bal toplayıb.

- 2015-2016-cı tədris ilindən etibarən ilk dəfə olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılıb.

- Təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik Portalından (www.e-derslik.edu.az) istifadə genişləndirilib.

- Elektron təhsil resurslarını bir mənbədə cəmləşdirmək üçün yaradılmış www.e-resurs.edu.az portalı vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilir.

- Təhsil nazirinin əmrinə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.

- 2015-ci ildə mərkəzləşmiş qaydada ümumi təhsil müəssisələrinə və peşə liseylərinə tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min olduğu halda, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfərə yüksəlib. Kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 30 faiz artması deməkdir. Eyni zamanda kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.

- Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə “Məktəb idarəetməsi” mövzusunda təlim kursu təşkil olunub.

- Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. 357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub.

- “Təməl” təqaüd proqramı çərçivəsində ibtidai təhsil səviyyəsində çalışan müəllimlərinin peşəkar inkişafını təmin etmək məqsədilə ehtiyaclara uyğun ixtisasartırma kursları təşkil edilib.

- “Zərdabi” ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi həyata keçirilir. 2016-ci ildə keçiriləcək PİRLS beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıq məqsədilə reallaşdırılan layihə Bakı və digər bölgələr də daxil olmaqla 18 580 nəfər IV sinif şagirdini və 780 nəfər müəllimi əhatə edir.

- I-VIII siniflərdə tədris aparan 17 000-dən çox müəllimin peşəkar inkişafını təmin etmək məqsədilə ehtiyaclara uyğun ixtisasartırma kursları təşkil olunub..

- 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 108138, XI siniflərini 87 714 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirib.

- 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri gümüş medala layiq görülüb.

- 2015-2016-cı dərs ilində məktəblərdə tədris prosesi iyunun 14-dək davam edəcəkdir. Nəticədə 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-ə, 6 günlük tədris həftəsi təbiq edilən məktəblərdə isə 209 günə çatacaqdır.

- 2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin I sinfinə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib. Ölkəmizdə müsbət demoqrafik vəziyyət nəticəsində son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir. Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 000, 2014-cü ildə isə 152 000 nəfər olub.

- 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 359 173 şagird təhsil alır.

- 2015-2016-cı tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

- 2015-2016-cı tədris ilindən 136 təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

- Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Həmçinin, bir sıra bölgələrdə (Gəncə, Sumqayıt, Şirvan şəhərləri, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı və Sabirabad rayonları) dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də diaqnostik qiymətləndirməyə cəlb olunub.

- 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumi təhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.

- 2015-ci ildə Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) 308 təhsil müəssisəsi qoşulub. Bununla ATŞ-ə qoşulan təhsil müəssisələrinin sayı 2051-ə çatıb.

- Təhsil Nazirliyi məktəb icmalarının yaradılması üzrə pilot layihəyə start verib.

- “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər keçirilib.

- Təhsil Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 50 ümumi təhsil məktəbində müasir standartlara cavab verən gənclərin çağırışaqədərki hazırlıq kabineti yaradılıb.

- Ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesi genişləndirilir. Məktəblərə verilmiş “Labdisc” avadanlığı proqram təminatı sayəsində Azərbaycan dilini dəstəkləyir və “Windows”la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kimya və biologya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb. Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb.

- 2015-2016-cı dərs ilindən məktəblərdə tədris prosesi iyunun 14-dək davam edəcək. Nəticədə 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-ə, 6 günlük tədris həftəsi təbiq edilən məktəblərdə isə 209 günə çatacaqdır.

- “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi davam etdirilir.

- Təhsil Nazirliyi tərəfindən “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsi keçirilib.

- “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.

- Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə elmi layihələrin sərgisi keçirilb.

- Təhsil Nazirliyinin “Universitet kitabxanaları məktəblilərin gözü ilə” layihəsi çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin ali məktəblərə səfərləri təşkil olunub.

- Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi paytaxtın ümumi təhsil məktəblərində nümayiş olunub.

- Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatı keçirilib.

- Sağlamlıq imkanları məhdud məktəblilər arasında "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş şən start və atletika yarışları keçirilib.

- Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərinin VII və VIII sinif şagirdləri arasında yay olimpiada məktəbi təşkil olunub.

 

Məktəbdənkənar fəaliyyət

 

- Təhsil Nazirliyi tərəfindən “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilərarası zona yarışları keçirilib.

- Birinci Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlər olub. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıblar.

- Birinci Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq məqsədilə Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçirilib.

- “Bakı 2015” I Avropa Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələrindən olan Amil Qasımov sambo idman növü üzrə II, Hacı Əliyev sərbəst güləş idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutublar.

- Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin tabeliyində olan idman məktəblərinin yetirmələri boks, atletika, ağır atletika, yunan-roma güləşi, sambo, sərbast güləş, üzgüçülük, otüstü hokkey, futbol, mini futbol, kik-boksinq, bədii gimnastika, badminton və şahmat idman növləri üzrə 143 respublika birinciliyi, çempionat, turnir, festival və digər kütləvi idman yarışlarında iştirak edib. İdmançılar respublika yarışlarında 350 qızıl, 248 gümüş, 364 bürünc, beynəlxalq yarışlarda isə 87 qızıl, 76 gümüş, 141 bürünc medal qazanıblar. Beləliklə, idmançılar ümumilikdə 437 qızıl, 324 gümüş və 505 bürünc medal əldə ediblər.

- Təhsil Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyi arasında əməkdaşlığa əsasən, “TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihəyə 37 məktəbdən 200 nəfərdən artıq fiziki tərbiyə müəllimi cəlb olunub.

- Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və  Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə “Olimpiya Hərəkati” layihəsi çərçivəsində məktəblilər arasında atletika, veloidman, badminton və basketbol (3x3) idman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyinə start verilib.

- Tailandın Pattaya şəhərində keçirilən Məktəblilərin Şahmat üzrə Dünya Çempionatında Azərbaycanın məktəbli şahmatçıları ümumilikdə 4 qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə arasında 2-ci yerə layiq görülüblər.

- Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərində yeni açılan badminton bölmələrinin məşqçi-müəllimləri üçün Sumqayıt Olimpiya İdman Kompleksində təlim keçirilib.

- Bakı Ekspo Mərkəzində keçirilmiş “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 6-cı Azərbaycan Beynəlxalq Ətraf mühit (“CTE” 2015) sərgisində ilk dəfə olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi iştirak edib.

- Təhsil Nazirliyi tərəfindən “Şahin” hərbi-idman oyununun respublika yarışı keçirilib.

- "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində festival keçirilib.

- Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin baxış konserti keçirilib.

- Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və ENPI East FLEG II Proqramının birgə təşəbbüsü ilə Qax rayonunun İlisu istirahət mərkəzində “Meşələri qoruyaq!” devizi altında ilk dəfə olaraq beynəlxalq gənc meşəçilərin yay düşərgəsi keçirilib.

- Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanda keçirilən “Tbilisi-2015” XIII Avropa Gənclərinin Olimpiya Festivalında cüdo üzrə idman yarışlarında uğur qazanıblar.

- Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Azərbaycan yığma komandasının üzvü Məhəmməd Abdullayev boks üzrə dünya birinciliyinin qalibi olub.

- Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, sərbəst güləş yarışlarının ötənilki dünya və Avropa çempionu Hacı Əliyev dünya çempionatında qızıl medal qazanıb.

- Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Quba rayonunda məktəblilərin yay ekoloji məktəbi – təhsil düşərgəsi təşkil olunub.

- İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatında uğurla çıxış edərək, 2 gümüş, 2 bürünc medal qazanıblar.

- Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyası əsaslı təmirdən sonra istifadəyə verilib.

- İdmançılarımız Beynəlxalq Məktəbli Festivalında 12 ölkənin məktəbli komandaları arasında 7 idman növü üzrə 12 medal qazanıblar.

 

İlk peşə və orta ixtisas təhsili

 

- “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Liderlik və idarəetmə” təlimləri keçirilib.

- Təhsil Nazirliyinin təşəbbüsü ilə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması tədbirləri çərçivəsində 3 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilib. Orta ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması, onlar arasında paralleliliyin aradan qaldırılması, eyni zamanda idarəetmə və maliyyələşdirmənin, kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq həyata keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.

- Azərbaycan Respublikası Hökuməti və Koreya Hökuməti arasında imzalanmış Kredit Sazişi çərçivəsində qeyri-neft sektorunun inkişafına dəstək verəcək müasir tipli peşə tədris mərkəzinin yaradılmasına başlanılıb.

- Təhsil Nazirliyi peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürüb.

- Təhsil Nazirliyi tərəfindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilib.

- Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində 205 nəfər otelçilik üzrə kursları başa vurub.

 

Ali təhsil

 

- Təhsil Nazirliyinin təşkilatçılığı ilə II SABAH Forumu keçirilib.

- Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib.

- Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib. Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.

- 2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı minimal keçid balı 200 bal həddində müəyyən edilib. İlk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə bir sıra ixtisaslara minimal keçid balları müəyyənləşdirilib və imtahanlardan sonra keçid balları aşağı salınmayıb. ali təhsil müəssisələrinə qəbul olan tələbələrin orta balı 11 faiz artıb, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil edib. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olub. Nəticə etibarilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin keyfiyyət göstəriciləri artıb, qəbul planı 85 faiz yerinə yetirilib və ya 32 849 nəfər tələbə adı qazanıb.

- Təhsil Nazirliyinin təşəbbüsü və 10 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən “Maarifçi Tələbə Kredit” Fondu yaradılıb. Fondun əsas məqsədi ödənişli əsaslarla qəbul olunmuş, lakin təhsil haqqı və təhsillə bağlı digər xərcləri ödəməkdə çətinlik çəkən aztəminatlı tələbələrin təhsilinin maliyyələşdirilməsinə dəstək olmaqdan ibarətdir. Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsi nəzərdə tutulur.

- Ötən tədris ilindən fəaliyyətə başlamış SABAH qruplarında 45 ixtisas üzrə 1632 tələbə təhsil alır. Elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərən bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunub.

- Paris Sorbonna Universiteti  (Abu-Dabi) tərəfindən SABAH qruplarında tədris aparan 160 müəllim üçün təlim keçirilib.

- SABAH qruplarının yeni tədris auditoriyaları istifadəyə verilib. Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.

- Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib. Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub.

- Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı keçirilib.

- “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində “SABAH-ın könüllüsü” proqramına start verilib.

- Ali təhsil müəssisələri arasında futbol üzrə “Təhsil Kuboku” yarışı keçirilib.

- Azərbaycan Dövlət İqtsadi Univeristeti ilə Oxbridge Educational Services (OES) təşkilatı arasında imzalanmış razılaşma memorandumuna əsasən, ADİU-da təhsil alan tələbələr bu ali məktəblə London İqtisadiyyat Məktəbinin ikili diplom proqramına qoşulmaq imkanı qazanıblar.

- 2015-2016-cı tədris ilindən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyətə başlayıb.

- Təhsil Nazirliyi tərəfindən SABAH qruplarının tələbələri üçün Böyük Britaniyanın London şəhərində yay məktəbi təşkil olunub.

- Azərbaycanın tələbələrdən ibarət komandası ABŞ-ın Redmond şəhərində keçirilən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.

- “ADA” Universitetində “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası” adlı təlim proqramı keçirilib.

- Təhsil Nazirliyi tərəfindən Bakı Asiya Universitetinin fəaliyyətinin müvəqqəti dayandırılması xahişi təmin edilib.

- Azərbaycan Dövlət İqtisad Universitetində bu təhsil müəssisəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında imzalanmış memorandum çərçivəsində Maliyyə laboratoriyası istifadəyə verilib.

- Ökəmizin ali məktəb və kolleclərinin 17 859 tələbəsi “Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edib.

- Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində imtahan sessiyalarının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

- Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçirilib.

 

Xaricdə Təhsil üzrə Dövlət Proqramı

 

- "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb.

- 2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib. Onlardan 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.

- Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.

- Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.

- Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

 

Beynəlxalq əməkdaşlıq

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb.

- Təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşündə iştirak edib. Mikayıl Cabbarovun çıxışında səsləndirdiyi “Təhsilsiz uşaq itirilmiş uşaq, itirilmiş uşaq isə itirilmiş gələcəkdir” fikri müasir təhsilin qarşısında duran əsas çağırış kimi YUNESKO-nun “Tvitter” səhifəsində yerləşdirilib.

- Bakıda Asiya İnkişaf Bankının (AİB) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ikigünlük regional təhsil konfransı keçirilib.

- Parisdə Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan günü” tədbirləri keçirilib.

- Azərbaycan-İtaliya Universitetlərarası Forumu keçirilib.

- Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilib.

- Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub.

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında əməkdaşlıq haqqında müqvailə imzalanıb. Bu, ölkəmizin 40 ali məktəbinə “Thomson Reuters Web of Science” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites” məlumat bazasına çıxış imkanı verir.

- Avropa İttifaqının Tvininq proqramı çərçivəsində Təhsil Nazirliyinin Finlandiya və Estoniya ilə birlikdə icra etdiyi “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının inkişafı üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” layihəsinin icrasına başlanılıb.

 

De-İnstitutlaşma

 

- Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində internat məktəblərinin bir çoxu əsaslı tikinti və yenidənqurmadan sonra yeni görkəm alıb.

- Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli və Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəblərin yenidən tikilmiş binaları 2015-2016-cı tədris ilindən istifadəyə verilib.

- Respublika üzrə fəaliyyət göstərən 7 internat məktəbində əsaslı təmir-tikinti işləri aparılır. Təmir işləri aparılan E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli və Şəki şəhər Qarışıq tipli internat məktəblərinin binasında yeni tədris korpusları da inşa edilir.

- Lənkəran şəhərində oğlanlar üçün Ailə tipli kiçik qrup evi istifadəyə verilib.

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, Təhsil Nazirliyinin müraciəti əsasında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar üçün birotaqlı 120 mənzillik bina inşa edilib. Dövlət uşaq müəssisələrinin məzunları içərisindən 124 nəfər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan gənc “Məzun evi”ndə  mənzillə təmin olunub.

- Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nın Uşaq Fondunun (YUNİSEF) müvafiq Fəaliyyət Planına əsasən, əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədilə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Layihənin icrası çərçivəsində Bakı şəhərindəki 220 və 138 nömrəli məktəblərdə 2015-2016-cı tədris ilində I siniflər arasında eksperimental siniflərdə Almaniyadan dəvət olunmuş mütəxəssislərin köməkliyi ilə loqopedik xidmət yaradılıb. Pilot məktəblərin infrastrukturunda müvafiq dəyişikliklər edilib və inklüziv təhsilə cəlb edilmiş uşaqlar üçün Fərdi Tədris Planı hazırlanıb.

- Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 3 nömrəli xüsusi internat məktəblərinin pedaqoji heyəti üçün Moskva Dövlət Pedaqoji Universiteti nəzdində uşaqlıq dövrü üzrə məsələlər ilə məşğul olan institutun direktoru Tatyana Aleksandrovna tərəfindən surdapedaqogika üzrə ixtisasartırma təlimləri təşkil olunub.

 

Vətəndaşların qəbulu və müraciətlərə baxılması

 

- Təhsil naziri Mikayıl Cabbarov 2015-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 600-ə yaxın vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

- Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 21 403 müraciət, müxtəlif qurumlardan 28 919 məktub və 10 332 elektron müraciət (01.01.2015-11.12.2015) daxil olub.

- Telefon Məlumat Mərkəzində (“Qaynar xətt” xidməti-146) və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlər (01.01.2015-11.12.2015):

• Telefon Məlumat Mərkəzinə 94 513 zəng (2013-cü illə müqayisədə 8 dəfə çox, 2014-cü illə müqayisədə isə 1,6 dəfə çox) daxil olub;

• Vətəndaşların Qəbulu Mərkəzində 55 842 vətəndaşa xidmət göstərilib;

• Kommutator xidmətinə 25 000-ə yaxın zəng daxil olub.

- Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 6 819 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Həmçinin, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 641 müraciət, teleqram və məktublar vasitəsilə 230 müraciət daxil olub və onlara müvafiq cavablar verilib. Şikayətlərin qeydiyyatı proqramında qeydiyyata alınmış 915 müraciət isə araşdırılması üçün müvafiq şöbə, sektor və idarələrə göndərilib.

 

İnformasiya siyasəti və QHT-lərlə iş

 

- Təhsil Nazirliyinin KİV-lə daha səmərəli münasibətlərin təşkili üçün həyata keçirdiyi siyasət media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edir.

- Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarının artırılması məqsədilə KİV-in suallarının elektron poçt vasitəsilə qəbulu və operativ cavablandırılması ənənəsi 2015-ci ildə də davam etdirilib.

- KİV nümayəndələrinin iştirakı ilə müntəzəm olaraq «Dəyirmi masa»lar, seminar, mətbuat konfransı və brifinqlər keçirilib, jurnalistlərin regionlardakı (əsasən cəbhə bölgələrindəki) və paytaxtdakı təhsil müəssisələrinə mediaturları təşkil olunub.

- Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqədə qalib gəlmiş Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etdiyinə görə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun əməkdaşları “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.

- “Media və təhsil dialoqu” mövzusunda təşkil edilmiş təlim konfranslarında ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,  jurnalistlər iştirak ediblər.

- Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) yeni versiyası istifadəyə verilib.

- “Təhsil” onlayn televiziyası fəaliyyətə başlayıb. “Təhsil” televiziyasında müvafiq layihələr çərçivəsində “Təməl”, “Həftənin sualı”, “Dərsdənkənar”, “Təhsil gündəliyi” verilişlərinin bir neçə buraxılışı çəkilib. Bu verilişlərin videoyazısının Təhsil Nazirliyi və ölkənin nüfuzlu informasiya agentliklərinin birgə layihəsi kimi nazirliyin internet resurslarında və xəbər portallarında yayılması təmin olunub. Geniş ictimai marağı nəzərə alaraq, qeyd olunan verilişlərin birgə layihə çərçivəsində ölkə televiziya kanallarında yayımlanması da nəzərdə tutulur.

- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, “Təhsil” onlayn televiziyası layihəsi çərçivəsində “61” oyun-viktorinanın və “Əlaçı” intellektual oyununun nümayişinə başlanıb.

- “Məktəb direktorunun bir iş günü” layihəsi çərçivəsində ümumi təhsil müəssisələri rəhbərlərinin tanıdılmasına başlanılıb.

- “Gənlərin uğur formulu” layihəsi çərçivəsində Xaricdə Təhsil Dövlət Proqramı üzrə təhsil alan tələbələrin və məzunların geniş ictimaiyyətə tanıdılması istiqamətindəki işlər davam etdirilir.

- Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi bu il də davam etdirilib.

- 2015-ci ildə keçirilmiş müsabiqənin yekunlarına görə, 19 layihə məqbul hesab olunub və onların maliyyələşdirilməsi barədə qərar qəbul edilib.

 

Elektron xidmətlər

 

- Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.

 

Digər tədbirlər

 

- Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçirilib.

- Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

- Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

- Bakıda Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq breyn-rinq turniri keçirilib.

- Təhsil Nazirliyi Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında ilk dəfə olaraq pilot layihə - yay düşərgəsi təşkil edib.

- Təhsil Nazirliyinin 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi şagirdlərinin əl işlərinin satış-sərgisindən əldə olunan vəsait Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatın kollektivinə təqdim olunub.

- Niderlandda 40 ölkənin tələbələrinə “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.

- Böyük Britaniyanın Qlazqo Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.

- Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” və 9-cu Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri keçirilib.

 

Tikinti, təmir

 

- 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən 9 ümumi təhsil məktəbi tikilib istifadəyə verilib, 1 ümumi təhsil, 1 internat, 2 orta ixtisas, 1 ali təhsil müəssisəsi əsaslı təmir edilib.

- Hazırda 23 müəssisədə tikinti və əsaslı təmir işləri davam etməkdədir. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində 50 məktəbdə müasir laboratoriya otaqları yaradılıb.

 

Qeyd olunanlar 2015-ci ildə təhsil sahəsində həyata keçirilmiş çoxsaylı tədbir və layihələrin bir qismidir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu vacib sahəyə diqqəti nəticəsində cari ildə əhəmiyyətli uğurlar əldə edilib, təhsil sisteminin inkişafı baxımdan yeni başlanğıcın möhkəm bünövrəsi qoyulub və 2016-cı il üçün uğurlu inkişafa zəmin yaradılıb. Əminik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan tədbirlər növbəti ildə daha müvəffəqiyyətlə həyata keçiriləcəkdir.