"Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində uğurla iştirak edən müəllimlərin təəssüratları

Bakı şəhərindəki Avropa Azərbaycan Məktəbinin tarix müəllimi Namiq Məmmədov:

- Mən birinci dəfədir ki, bu müsabiqədə iştirak edirəm. Özümü tam olaraq buna hazırlıqlı hesab etdiyim üçün sənədlərimi təqdim etdim və müsabiqəyə qatıldım. Əvəlcə özümə çox inamım olmasa da, bu işə məsuliyyətlə yanaşdım və müsabiqənin şərtlərini yerinə yetirə biləcək dərəcədə hazırlaşdım. Əvvəlki iki mərhələni uğurla adlamışam. Üçüncü mərhələdə 8,14 ballıq nəticə ilə özümü inamlı hiss edirəm.

Bu müsabiqənin təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu müsabiqə Azərbaycan təhsilinin inkşafında mühüm addımlardan biridir və təhsilə yalnız müsbət təsirini göstərəcək.


Bakı şəhərindəki Avropa Azərbaycan Məktəbinin tarix müəllimi Hafiz Cabbarov:

- Artıq ikinci dəfədir ki, bu müsabiqədə iştirak edirəm. 2010-cu ildə bu müsabiqənin qalibi olmuşam. Bu il də müsabiqənin üçüncü mərhələsində 8,25 bal yığmışam.

İlk olaraq, bu müsabiqənin həyata keçirilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Müsabiqənin şəffaf və ədalətli təşkili baxımından Təhsil Nazirliyi də səmərəli fəaliyyət göstərir. Onu da əlavə etmək istəyirəm ki, bu müsabiqədə önəmli olan mükafat deyil, əsas amil müəllimlərin bu müsabiqədə qalib gəlmək üçün qabaqcıl təcrübəni öyrənmələri və öz üzərlərində çalışmalarıdır. Hesab edirəm ki, bu müsabiqənin yaratdığı şəffaf rəqabət mühiti sayəsində son nəticədə Azərbaycan təhsili qazanacaq.