• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarının tələbələri beynəlxalq tədbirdə iştirak edib.

“Fəal könüllülər–daha yaxşı vətəndaşlar” layihəsi çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələbələr Bolqarıstana səfər etmiş nümayəndə heyətinin tərkibində təmsil olunub. Erasmus+ və İnsan Resurslarının İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihəyə Azərbaycan ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Moldova, Latviya və Estoniyanın fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri qatılıblar.
Layihə gənclərin fəallığını, könüllü fəaliyyət haqqında məlumatlılığını artırmaq, gənclərə  könüllülük dəyərlərini mənimsətmək məqsədlərinə xidmət edir.
Layihə çərçivəsində qeyri-formal təhsil metodologiyasına əsaslanan təlimlər gənclərin sosial, kommunikativ və dil bacarıqlarının, eləcə də mədəniyyətlərarası əməkdaşlıq mühitində fəaliyyət imkanlarının inkişafı istiqamətlərini əhatə edib.
Tədbirdə SABAH qrupları tələbələrinin Azərbaycandakı könüllülük fəaliyyəti ilə bağlı təqdimatı nümayiş olunub. İştirakçılar tərəfindən yüksək qiymətləndirilən təqdimatda “Bakı 2015” 1-ci Avropa Oyunları zamanı ölkəmizdəki könüllülük fəlsəfəsindən danışılıb və iştirakçılara “SABAH-ın könüllüsü” proqramı haqqında ətraflı məlumat verilib.
Növbəti günlərdə iştirakçılar Avropa Parlamentinin nümayəndəsi Andrey Novakov ilə  keçirilən görüşdə iştirak ediblər. Görüş zamanı A.Novakov öz könüllülük fəaliyyətindən danışıb, uğur hekayəsini iştirakçılar ilə bölüşüb. Layihə çərçivəsində iştirakçı ölkələr tərəfindən loqalar hazırlanıb və nümayiş olunub.
Tədbir çərçivəsində həmçinin, mədəniyyət gecəsi keçirilib. Mədəniyyət gecəsi Azərbaycanın milli mətbəxinin və rəqslərinin nümayiş olunması ilə yadda qalıb.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq, alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 39 ixtisas üzrə 755 tələbəni əhatə edir.


8 il əvvəl