• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gülşən Əhmədli ilə “Uğur formulu”

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin bu dəfəki qonağı Almaniyanın Hannover Tibb Məktəbindən yenicə məzun olmuş Gülşən Əhmədlidir.
 
G.Əhmədli 2008-2014-cü illərdə təhsilini plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentura səviyyəsində davam etdirib.
Təhsilini uğurla başa vuraraq, həkim-mütəxəssis ali peşə-iхtisas dərəcəsinə yiyələnib.
- Xaricdə təhsil sizə nə verdi? Ümidləriniz doğruldumu?
- Xaricdə təhsil mənə tibb sahəsində aldığım bilikləri dərinləşdirmək, yeni ixtisaslaşma istiqamətində təhsilimi davam etdirmək imkanı verdi. Mən plastik-rekonstruktiv cərrahiyyə ixtisası üzrə təhsil aldığım müddət ərzində yeni biliklər əldə etməklə yanaşı, müxtəlif tədqiqatlarla məşğul olaraq, öz ideyalarımı da reallaşdıra bildim.
- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmişdiniz?
- İxtisasımla bağlı çalışdığım klinikanın direktoru, professor P.M.Voqt ilk mərhələ üçün lazım olan kitabların siyahısını mənə vermişdi. Həmin kitabları əldə etdim və mərhələli şəkildə oxuyub mənimsədim.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Almaniyanın təhsil sistemi Azərbaycan təhsil sistemindən tamamilə fərqlənir. Tələbələrin müəyyən edilmiş ümumi qrafikləri olsa belə, onların sərbəst seçim imkanı daha genişdir. Tələbələr istədikləri fənləri seçir, əlavə dərslərdə iştirak edir, çətin qavradıqları fənlərə dair kursları bir neçə dəfə keçdikdən sonra yekun imtahanı verirlər.
   Eyni zamanda, Almaniyada universitetlər çox güclü texniki bazaya malik olduğuna görə, tələbələr öz ixtisaslarına aid bütün kitabları oxuyur, laboratoriyalarda ən yeni tədqiqatları apara bilirlər. Hətta tələbə olarkən maraqlandığın sahə üzrə elmi tədqiqata da başlaya bilərsən.
   Elmi rəhbər və professorlarla sıx təmas dərslərin hazırlanması prosesinə müsbət təsir göstərir. Müəllimlərlə təhsilalanlar arasındakı sağlam və səmimi münasibət hərtərəfli bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına zəmin yaradır.
- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmışdınız?
- Təhsil aldığım ölkədə Azərbaycanla bağlı dolğun məlumatların yayılmasında maraqlıyam. İlk öncə dostlarımızın Azərbaycana aid kitablar, musiqi diskləri və milli mətbəximizə dair məlumatlarla ölkəmiz haqqında məlumatlandırılmasına çalışırdım. Amma əlbəttə ki, bu, hamısı deyil.
   İlk növbədə onu deyim ki, mən təhsil aldığım ixtisas üzrə Azərbaycandan gəlmiş ilk tələbə olduğum üçün üzərimə ölkəmiz haqqında aydın təəssüratın yaradılması baxımından böyük bir məsuliyyət düşürdü. Əminliklə deyə bilərəm ki, həm təhsildə əldə etdiyim uğurlarla, həm də təhsil aldığım universitetlə Azərbaycanda tibb təhsili alan tələbələr arasında yaratdığım əlaqələr sayəsində bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildim.
   2011-ci ilin aprel ayında professor P.M.Voqtun Azərbaycana səfərinin təşkilində yaxından iştirak etdim. Onun Bakıdakı bir çox klinikalarda, eləcə də Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə görüşünün təşkilinə nail oldum. Həmin görüşlərdə əldə olunmuş razılaşmalara əsasən, 2011-ci ilin yayında 10 nəfərə yaxın tələbə Almaniyada təcrübə keçdilər.
- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Azərbaycan gənclərinə çalışqan olmağı, stereotiplərdən uzaq olub bilik səviyyələri ilə yanaşı, dünyagörüşlərini də genişləndirmələrini məsləhət görərdim. Çalışsınlar heç olmasa, ali təhsilin bir səviyyəsini və ya bir neçə semestrini xarici universitetlərdə alsınlar. Bunun onların həyatlarında necə böyük rol oynadığını aydın şəkildə görəcəklər.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Sözün düzü, mən rezidentura səviyyəsində təhsil aldığıma görə, tələbə-müəllim münasibətləri digər səviyyələrdən xeyli dərəcədə fərqlənirdi. Burada tələbə-müəllim münasibətindən daha çox, obrazlı desək, usta-şagird münasibətləri hökm sürür. Yəni, biz praktiki olaraq ustamızdan yeni biliklər əldə etməyə çalışırdıq.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razı qaldınızmı?
- Təhsil aldığım universitetdə əcnəbi və ya yerli tələbə anlayışı ilə qarşılaşmamışam. Sanki hamı həm həkim, həm də tələbə idi. Düzdür, əcnəbi tələbələr dil çətinlikləri yaşadıqlarına görə, bəzi məqamlarda yerli tələbələrdən geri qala bilirdilər. Amma bunun da öhdəsindən bir az çox çalışmaqla gəlmək olurdu. Savadlı, çalışqan tələbə isə istənilən professorun sevimlisi idi.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürdünüz?
- Əgər biz Azərbaycanda aldığımız təhsillə xaricə gedib orada özümüzü təsdiq edə biliriksə, deməli, vəziyyət o qədər də acınacaqlı deyil. Sadəcə olaraq, yeniliklərə açıq olmalı, islahatları sürətləndirməliyik.
- Çətinlikləriniz olurdumu?
- İlk başlanğıcda yeni sistemə, yeni dilə və fərqli şəraitə uyğunlaşmaq çətin olsa da, həm iş yoldaşlarımın, həm də professorların dəstəyi ilə bütün çətinliklərin öhdəsindən gəlməyi bacardım.
- Asudə vaxtınızda nə ilə məşğul olurdunuz?
- Asudə vaxtım çox az olurdu. İş və dərs rejimim əlavə fəaliyyətə çox vaxt qoymurdu. Boş vaxtım olanda laboratoriyada elmi işimlə bağlı təcrübələr aparırdım. Hər şeydən yorulanda isə idman və gəzinti ilə həyatıma rəng qatmağa çalışırdım. Uzun müddətli tətillər zamanı isə Avropanın digər ölkələrinə səyahət edirdim.


8 il əvvəl