21.09.2015 12:11

Ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may - Respublika gününə həsr olunmuş ifa üzrə respublika müsabiqəsinin əsasnaməsi

Azərbaycan Respublikası təhsil nazirinin
18 aprel 2012-ci il tarixli 601 nömrəli
əmri ilə təsdiq olunmuşdur
 
 
1. Müsabiqənin məqsəd və vəzifələri
 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. 
Bu məqsədlə ümumtəhsil məktəblərinin şagirdləri arasında ifa müsabiqəsi keçirilıir. Müsabiqədə Azərbaycan bəstəkarlarının müstəqilliyimiz və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlər daha da yaxşılaşacaq, istedadlı uşaqlara ifaçılıq qabiliyyətlərini inkişaf etdirmələrinə dəstək veriləcəkdir.
 
2. Müsabiqənin təşkili və keçirilməsi qaydaları
 
Müsabiqə 3 nominasiya üzrə keçirilir.
- Xalq çalğı alətlərində ifa nominasiyası;
- Mahnı nominasiyasi- Azərbaycan bəstəkarlarının vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazılmış əsərləri.
- Şeir nominasiyası – Azərbaycan şairlərinin vətənpərvərlik ruhunda yazılmış şeirləri.
Müsabiqə 4 mərhələdən ibarətdir:
I mərhələ - 27 aprel 2012-ci il tarixində ümumtəhsil məktəblərində keçiriləcək. Bu mərhələdə iştirakçını məktəbdə yaradılmış münsiflər heyəti müəyyənləşdirir.
I mərhələdə I-II yerləri tutan iştirakçılar II mərhələyə göndərilirlər.
II mərhələ - 02-03 may 2012-ci il tarixlərdə şəhər, rayon, təhsil şöbələri, idarələri tərəfindən keçiriləcək və I-III yerləri tutan iştirakçılar zona mərhələsinə göndərilirlər.
III mərhələ - Zona mərhələsi. Zona müsabiqəsinin qaliblərini zona müsabiqəsi keçirilən şəhər və rayonlarda yaradılacaq münsiflər heyəti müəyyən edir. Müsabiqə zonalar üzrə aşağıdakı şəhər və rayonlarda keçirilir:         
1. Şuşa şəhəri, Abşeron, Xızı, Qobustan, Qubadlı, Zəngilan, Şamaxı rayonları 17 may 2012- ci il tarixində saat 11.00- da Sumqayıt şəhərində;
2. Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları 14 may 2012- ci il saat 12.00- da Siyəzən şəhərində;
3. Şirvan şəhəri, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Salyan, Cəbrayıl rayonları 14 may 2012- ci il tarixində saat 12.00- da Salyan şəhərində;
4. Lənkəran şəhəri, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara rayonları 15 may 2012-ci il tarixində saat 11.00-da Lənkəran şəhərində;  
5. Gəncə şəhəri, Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Göy-Göl, Daşkəsən, Kəlbəcər, Samux rayonları 17 may 2012- ci il tarixində saat 12.00-da Göygöl rayonunda;
6. Mingəçevir, Naftalan şəhərləri, Yevlax, Goranboy, Göyçay, Ucar, Zərdab, Ağdaş, Kürdəmir, Xocalı rayonları 16 may 2012- ci il saat tarixində 12.00-da Zərdab rayonunda; 
7. Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Ağsu rayonları 17 may 2012- ci il tarixində saat 12.00-da Oğuz şəhərində;
8. Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, Füzuli, Laçın, Xocavənd rayonları 18 may 2012-ci il tarixində saat 12.00-da Bərdə şəhərində;
9. Naxçıvan Muxtar Respublikası üzrə 16 may 2012-ci il tarixində saat 12.00-da   Naxçıvan şəhərində;
10. Sumqayıt, Bakı şəhərləri üzrə 18 may 2012-ci il tarixində saat 11.00-da Bakı şəhərində.
Zonalarda hər nominasiya üzrə I və II yerləri tutan şagirdlər respublika mərhələsində iştirak edirlər.
IV mərhələ - Respublika mərhələsi –  Müsabiqənin seçim turu və qaliblərin yekun konserti 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcəkdir.
Qaliblər Təhsil Nazirliyinin təsdiq etdiyi münsiflər heyəti tərəfindən seçiləcəkdir.
Zona və respublika mərhələlərinin seçim turunda və yekun konsertində iştirak edəcək şagirdlərin ezamiyyə xərcləri şəhər, rayon təhsil idarələri, şöbələri tərəfindən ödənilir.
Təşkilat Komitəsi respublika mərhələsinin seçim turu üçün hər nominasiya üzrə münsiflər heyəti yaradır.
Zona və respublika mərhələsində münsiflər heyətinin işində Təhsil Nazirliyinin nümayəndələri iştirak edəcəkdir.
 
3. Müsabiqənin şərtləri

- Müsabiqə ümumtəhsil məktəblərinin 14-18 yaş arası şagirdləri arasında keçirilir.
-Təqdim olunan mahnı və musiqi alətində ifa üçün ayrılmış vaxt 4 dəqiqədən çox olmamalıdır.
- Təqdim olunan şeir üçün ayrılmış vaxt 3 dəqiqədən çox olmamalıdır.
 
Qaliblərin mükafatlandırılması

Müsabiqənin zona mərhələsinin qalibləri zona mərhələsi keçirilən şəhər, rayon təhsil idarələri, şöbələri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.
Müsabiqənin Respublika mərhələsinin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.