21.09.2015 12:11

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin Əsasnaməsi

Azərbaycan Respublikası təhsil nazirinin
03. 04. 2012-ci il tarixli 529 nömrəli
əmri ilə təsdiq edilmişdir
 
 
Müsabiqənin məqsədi:
 
XX əsrin ən böyük şəxsiyyətlərindən olan ümummilli lider Heydər Əliyevin ömür yolu və zəngin ictimai-siyasi fəaliyyəti vətənə, xalqa, dövlətçilik ideyalarına sədaqət və məhəbbətin parlaq nümunəsi, gənclər üçün əsl həyat məktəbidir.
Rəsm müsabiqəsini keçirtməkdə əsas məqsəd uşaq və gəncləri ümummilli lider Heydər Əliyev nümunəsində tərbiyə etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.
 
Müsabiqənin təşkili və keçirilmə qaydaları
 
Müsabiqənin təşkili üçün rayon, şəhər təhsil şöbələrində və ümumtəhsil məktəblərində təşkilat komitəsi və münsiflər heyəti yaradılır.
Müsabiqə 3 mərhələdə, 3 yaş qrupu üzrə (6-10, 11-14, 15-18 yaşlar) keçirilir.
1. Məktəb mərhələsi – 15 aprel 2012-ci il
2. Rayon, şəhər mərhələsi – 18 aprel 2012-ci il
3. Respublika mərhələsi – 2012-ci ilin may ayında, Bakı şəhərində
Rəsmlər A2, A3 formatlarda işlənməlidir. Digər formatda olan rəsmlər müsabiqəyə buraxılmır. Rəsmlərin işlənmə texnikası sərbəstdir.
Rəsmlər respublikamızın rayon və şəhərlərində aparılan quruculuq və abadlıq işlərini özündə əks etdirməlidir.
Rəsmlər çərçivəyə alınmalıdır. Çərçivənin şüşəsinin üstündə rəsm müəllifinin adı, soyadı, atasının adı, rayon, şəhər, məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır. Etiket Times New Roman şrifti ilə 15-16 ölçüdə yazılmalıdır. Etiket 4x8 sm ölçüdə olmalıdır. Rəsmin arxasında əlavə olaraq müəllifin ünvanı və telefonu da yazılmalıdır.
Respublika mərhələsinə hər yaş qrupu üzrə yalnız bir qalib iş təhsil şöbələri tərəfindən təqdim olunur. Rəsmlər 25 aprel 2012-ci il tarixədək T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasına (28 May küçəsi, 21) göndərilməlidir.
Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır.
Respublika mərhələsinə dəvət olunan şagirdlərin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən ödənilir.
 
Qaliblərin mükafatlandırılması
 
Müsabiqənin rayon mərhələsinin qalibləri rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır. Müsabiqənin Respublika mərhələsinin qalibləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu və hədiyyələri ilə mükafatlandırılacaqdır.