21.09.2015 12:11

“Ən çox sevdiyim idman növü” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin Əsasnaməsi

Azərbaycan Respublikası təhsil nazirinin
23 dekabr 2011-ci il tarixli, 2161 nömrəli
əmri ilə təsdiq edilmişdir.
 
 
1. Müsabiqənin məqsəd və vəzifələri
 
Rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, onlarda yaradıcılıq həvəsini artırmaqdır.  
 
2. Müsabiqənin təşkili və keçirilməsi
 
Müsabiqənin təşkili və keçirilməsi üçün ümumtəhsil məktəblərində, rayon şəhər, təhsil idarələrində və şöbələrində təşkilat komitəsi və münsiflər heyəti yaradılır. Müsabiqə 3 mərhələdə keçirilir.
1. Məktəb mərhələsi – 5 fevral
2. Rayon, şəhər mərhələsi –20 fevral
3. Respublika mərhələsi – mart ayında
Müsabiqə 8-12 yaş arası məktəblilər üçün nəzərdə tutulur. Rəsmlərin işlənmə texnikası sərbəstdir. Rəsmlər A3 formatda işlənməlidir. Digər formatda olan rəsmlər qəbul olunmayacaqdır.
Rayon, şəhər mərhələsindən Respublika mərhələsinə ən yaxşı işlər şeçilərək 05 mart 2012-ci il tarixədək nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə göndərilməlidir.
Qaliblərin işlərini təhsil şöbələri, idarələri təqdim edir.
Rəsm işləri çərçivəyə alınmalı və təqdim olunan işlərə şagirdin adı, soyadı, atasının adı, rayon, məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır. 
Respublika mərhələsinə dəvət olunacaq şagirdlərin və onları müşaiyət edən nümayəndələrin ezamiyyə xərcləri rayon, şəhər təhsil idarələri, şöbələri tərəfindən ödənilir.
 
Qaliblərin mükafatlandırılması
 
Müsabiqənin zona mərhələsinin qalibləri zona mərhələsi keçirilən rayon şəhər, təhsil şöbələri, idarələri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.
Müsabiqənin Respublika mərhələsinin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.