21.09.2015 12:11

Gənc meşəçilərin Respublika müsabiqəsinin Əsasnaməsi

“2011-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən Turizm ili” və BMT tərəfindən beynəlxalq “Meşə ili” elan edilməsi ilə əlaqədar olaraq Təhsil Nazirliyi meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin respublika müsabiqəsini keçirir.
 
Müsabiqənin məqsəd və vəzifələri
 
Müsabiqənin əsas məqsədi məktəblilərin meşəsalma sahəsində biliklərini artırmaq, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə, qayğıkeş münasibətin formalaşması, meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində xüsusi bacarıq və vərdişlərin öyrədilməsidir.
Müsabiqənin əsas vəzifələri:
- biosferdə meşələrin qlobal əhəmiyyəti barədə məktəblilərin ekoloji biliklərini artırmaq;
- ölkənin meşə ehtiyatlarının mühafizəsində, bərpa edilməsində və artırılmasında   gənc nəslin yaxından iştirakına nail olmaq;
- “Gənc meşəçilər” dəstələrinin fəaliyətini və ekoloji təbliğatı genişləndirmək;
- meşə fondunun öyrənilməsi məqsədilə məktəblilərdə ekoloji tədqiqat işlərinə  maraq oyatmaq, meşənin bioloji müxtəlifliyinə antropogen təsirin qiymətləndirilməsi məqsədilə məktəb ekoloji monitorinqini təşkil etmək;
- meşə ehtiyatlarının davamlı istifadəsi barədə əhalinin məlumatlandırılmasında məktəblilərin yaxından iştirakını təmin etmək;
- xüsusi biliyə, bacarıq və vərdişlərə malik olan şagirdləri aşkara çıxarmaqla bu sahədə peşəyönümünü istiqamətləndirmək;
- ekoloji təhsil sahəsində qabaqcıl iş təcrübəsini öyrətmək.
 
Müsabiqənin keçirilmə qaydaları
 
Respublika müsabiqəsi 3 mərhələdə keçirilir:
1. Məktəb mərhələsi – 05-10  dekabr 2011-ci il tarixlərində ümumtəhsil müəssisələrində;
2. Rayon, şəhər mərhələsi – 11-20 dekabr 2011-ci il tarixlərində rayon, şəhər  təhsil şöbələrində, idarələrində;
3. Respublika mərhələsi – 10 yanvar 2011-ci il tarixində Bakı şəhərində  keçiriləcəkdir.
Müsabiqədə orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, dərnək üzvləri, “Gənc meşəçilər” dəstələrinin üzvləri iştirak edə bilərlər. Hər bir iştirakçı müsabiqəyə meşələrin qorunması və bərpasına həsr olunmuş 1 referat işi və ya ekoloji layihə təqdim edə bilər. Referat və layihələrdə aşağıdakı 3 istiqamətdə aparılan ekoloji tədqiqatların nəticələri əks etdirilməlidir:
1. Məktəb meşəçiliyi – ərazinin meşə tipləri, meşənin inkişaf qanunauyğunluqları, antropogen təsirin öyrənilməsi və qiymətləndirilməsi, meşənin qırılmasının qarşısının alınması, yeni meşə zolaqlarının salınması, meşə ehtiyatlarının davamlı istifadəsi və bərpa olunması üsulları, meşənin ekoloji vəziyyətini əks etdirən ekoloji tədqiqatların nəticələri;
2. Meşənin bioloji müxtəlifliyi – meşənin fauna və florası, meşə bitkilərinin ekoloji və bioloji xüsusiyyətlərinin öyrənilməsi, meşə heyvanlarının ekologiyası və həyat tərzi, nadir bitkilərin və heyvanların qorunması, meşə bitkilərinin tədris-təcrübə sahəsində artırılması, meşə ekosistemində qarşılıqlı əlaqələr;
3. Ekoloji turizm – meşələrin əhəmiyyəti, ərazinin təbii abidələri, meşədə ekoloji cığırın yaradılması, meşələrin qorunmasında və turistlərin ekoloji maarifləndirilməsində “Gənc meşəçilər” dəstələrinin iştirakı, meşələrin davamlı istifadəsi barədə əhalinin məlumatlandırılması;
Ekoloji təhsilin forma və üsulları – meşəçiliyə dair mövzuların tədrisi metodikası, fəal təlim üsullarının tətbiqi, “gənc meşəçilər” dəstələri ilə ekoloji tədqiqatların təşkili, ekoloji dərnək məşğələlərinin təşkili üzrə qabaqcıl iş təcrübəsi.
Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi üçün əsas meyarlar:      
- mövzunun aktuallığı, elmiliyi, praktik əhəmiyyəti, ekoloji tədqiqatların əsaslandırılması, nəticələrin keyfiyyəti və əyaniliyi.
- layihə və referatlar Azərbaycan və rus dillərindən birində, yazılı (cildlənmiş) və  elektron variantda (Times New Roman) şrifti ilə, interval 2, hər tərəfdən 2 sm məsafə qoyulmaqla A4 formatda) foto-şəkillər, cədvəllər, xəritələr, rəsmlər və s.  əlavələrlə birlikdə 10 səhifədən çox olmamaq şərti ilə tərtib edilir.
- ekoloji layihələrdə giriş, tədqiqat üsulları, tədqiqatın təhlili, nəticələr və ədəbiyyat siyahısı göstərilir.
- eyni zamanda mövzuya aid 1 və ya 2 ədəd eksponat (maket, model, təbii  materiallardan hazırlanmış yaradıcılıq işləri və s.) təqdim edilməlidir.
- refetrat və layihələrdə iştirakçıların adı, soyadı, rayon, sinif, məktəb, ünvan,  telefon, rəhbərin adı və soyadı göstərilir.
Müsabiqənin rayon turunun qaliblərinin (I, II, III yerlər) hər üç istiqamət üzrə referat və layihələr üzrə ayrı-ayrılıqda (cəmi 18 iş) yaradıcılıq işləri 15 dekabr tarixinədək Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə təqdim olunmalıdır (AZ1025 Bakı ş. Nobel prospekti 45/57 Nizami ad. park, tel: 496-44-24, 496-46-33 e-mail: eko_az@mail.ru).
 
Rəğbətləndirmə
 
Müsabiqənin rayon, şəhər mərhələsinin qalibləri rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.
Müsabiqənin respublika mərhələsinin qalibləri Təhsil Nazirliyinin diplomu və hədiyyələri ilə mükafatlandırılacaqdır.