21.09.2015 12:11

Əlavə 1
 
Ali məktəb tələbələrinin bədii yaradıcılıq
festivalının keçirilməsi haqqında
 
ƏSASNAMƏ
 
I. Bədii yaradıcılıq festivalının keçirilməsinin əsaslandırılması və məqsədi
 
Bədii yaradıcılıq festivalının keçirilməsinin əsas məqsədi tələbələrin milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Eyni zamanda, festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilmişdir.
 
II. Baxış-müsabiqənin şərtləri və keçirilmə qaydası
 
1. Festivalda Təhsil Nazirliyi sistemindəki ali məktəblərin əyani şöbələrində təhsil alan tələ­bə­lər­dən ibarət incəsənətin aşağıdakı janrları üzrə fəaliyyət göstərən özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı tək ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, müsiqiçilər iştirak edə bilərlər:
 - orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-ins­tru­men­tal, simli alətlər, aşıqlar və s.)
- rəqs kollektivləri (milli, müasir, bal, xoreoqrafiya və s.)
 - tək ifaçılar (bədii qiraətçilər, musiqi alətlərində çalan fərdi ifaçılar, solo oxuyanlar və s.)
Kollektiv və tək ifaçıların çıxışlarında folklorumuzdan, klassiklərdən, müasir şair və bəstəkarların əsərlərindən istifadə etməklə yanaşı, doğma vətənimizə məhəbbət, torpaqlarımızın azadlığını və bütövlüyünü tərənnüm edən əsərlərə geniş yer verilməlidir.
2. Festivalın mütəşəkkil keçirilməsi, o cümlədən Əsasnamənin şərtlərinə uyğun olaraq kollektivlərin və tək ifaçıların arasından fərqlənən namizədləri seçmək məqsədilə hər bir ali məktəbdə Münsiflər Heyəti yaradılır.
3. Festival 2 mərhələdə keçirilir.
Festivalın I mərhələsi 2011-ci ilin mart ayında ali məktəblərdə yaradılmış Münsiflər Heyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə yerlərdə aparılır.
Ali məktəblərdə yaradılmış Münsiflər Heyəti:
- müvafiq tədris müəssisəsinin bədii-özfəaliyyət kollektivlərinin, tək ifa­çı­la­rın ba­xışını keçirərək, Festivalın II mərhələsi üçün namizədləri seçir.
Festivalın I mərhələsi 2011-ci ilin mart ayında ali məktəblərin akt zallarında konsert proqramları ilə yekunlaşacaqdır.
4. Festivalın I mərhələsində müvəffəqiyyətlə iştirak etmiş və müvafiq Münsiflər Heyəti tərəfindən seçilmiş kollektiv və tək ifaçılar II mərhələdə iştirak etmək üçün 2009-cu il aprelin 1-nə qədər bu qərarla təsdiq edilmiş Münsiflər Heyətinə təqdim edilir.
 
III. Festivala yekun vurulması
 
1. Münsiflər Heyəti:
- II yekun mərhələyə təqdimatla gələn kollektivlərin və tək ifaçıların baxışını keçirir, baxış müsabiqənin qaliblərini seçərkən ifaçıların yüksək yaradıcılıq məharəti ilə yanaşı, onların səhnə mədəniyyəti, geyimlərini və s. nəzərə alır.
- qalibləri müəyyən edir.
2. Kollektiv və tək ifaçıların II mərhələsində iştirakını müvafiq ali məktəblərin rəhbərləri və tələbə həmkarlar ittifaqı komitələri təmin edir.
3. Festivalın II mərhələsinin nəticələri məlum olduqdan sonra 2011-ci il may ayının birinci ongünlüyündə qaliblərin iştirakı ilə yekun konserti keçiriləcəkdir.
Yekun konsertin proqramına nömrələrin daxil edilməsi bu qərarla təsdiq edilmiş Münsiflər Heyətinin səlahiyyətinə aiddir.
 
IV. Qaliblərin mükafatlandırılması
 
1. II yekun mərhələdə müvəffəqiyyətlə iştirak etmiş və qalib adına layiq görülmüş kollektiv və tək ifaçılar Təhsil Nazirliyinin və ATİAHİ  Respublika Komitəsinin diplomu və hədiyyələrinə layiq görülürlər. Qaliblər Münsiflər Heyətinin protokolunda qeyd olunur. Protokolda öz əksini tapmış təkliflərə əsasən Təşkilat Komitəsi Festivalın yekunları haqqında qərarı təsdiq üçün təqdim edir.
Bu barədə qərar qəbul edildikdən sonra iştirakçılar incəsənətin aşağıdakı janrları üzrə mükafatlandırılacaqlar:
 

- ansambllar

 I, II, III yerlər

- xor kollektivləri I, II, III yerlər
- rəqs kollektivləri I, II, III yerlər
- tək ifaçılar I, II, III yerlər
- bədii qiraət I, II, III yerlər
- aşıq musiqisi  I, II, III yerlər
- müasir rəqs I, II, III yerlər