Azərbaycan Respublikasında texniki - peşə təhsilinin inkişaf konsepsiyası (2007- 2012-ci illər)

Giriş
 
Azərbaycan Respublikasında texniki - peşə təhsilinin inkişaf konsepsiyası Təhsil Qanununun, Təhsil Sahəsində İslahat Proqramının tələblərinə, dövlət təhsil siyasətinə, həmçinin YUNESKO-nun texniki - peşə təhsili ilə əlaqədar konseptual prinsiplərinə və inkişaf etmiş ölkələrdə bu sahədə olan qabaqcıl təcrübəyə əsaslanan müddəalara uyğun hazırlanmışdır.
Konsepsiyada respublikada texniki - peşə təhsilinin inkişaf mərhələləri, bu təhsil sisteminin məzmunu və vəzifələri, habelə gözlənilən nəticələr öz əksini tapmışdır.
Konsepsiyanın hazırlanmasında fasiləsiz təhsil, davamlı insan inkişafı, təhsilin humanistliyi və demokratikliyi, şəxsiyyətyönümlü, texniki - peşə təhsili sahəsində dövlət siyasəti, ölkə iqtisadiyyatının və əmək bazarının tələbatına uyğun ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi və gənclərin bərabər təhsilalma imkanları prinsipləri əsas götürülmüşdür.
 
Konsepsiyanın məqsədi
 
Konsepsiyanın əsas məqsədi ölkə iqtisadiyyatının ixtisaslı fəhlə kadrlarına olan tələbatın ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, təhsil sahəsində İslahat Proqramına uyğun olaraq texniki - peşə təhsilini müasir tələblər baxımıəndan təkmilləşdirmək, islahat və xidmət sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir.
Göstərilənləri reallaşdırmaq üçün təhsil sistemində prioritet istiqaməti dərin biliyə, bacarığa, yüksək peşə hazırlığına, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik və onu daim inkişaf etdirməyə qabil olan şəxsiyyət formalaşdırmaqdan ümumbəşəri dəyərlərə yiyələnən müstəqil və yaradıcı düşünən vətəndaşlar tərbiyə etməkdən ibarət olmalıdır.
 
Konsepsiyanın yaradılmasını zəruri edən amillər
 
Qloballaşmanın geniş vüsət aldığı müasir cəmiyyətin formalaşdırdığı intelektə və biliklərə söykənən iqtisadiyyatın yarandığı müasir dövrdə hər bir ölkənin siyasi, iqtisadi və sosial inkişafı onun malik ola bilcəyi yüksək elmi tutumlu texnologiyalara nə dərəcədə sürətlə yiyələnə biləcəyindən, başqa sözlə, səmərəli təhsil sistemindən asılıdır.
Dünyada baş verən regional və qlobal xarakterli problemlər hər bir sivil ölkədə olduğu kimi Azərbaycanda da, ilk növbədə təhsil sistemində köklü dəyişikliklərin aparılmasını aktual etmişdir. 
Texniki - peşə təhsili müəssisələrində kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi və onun müasir dövrün tələblərinə cavab verən konseptual yanaşmaların işlənməsini, bu sahədə strateji fəaliyyət proqramının hazırlanmasını, başqa sözlə, texniki - peşə təhsilinin inkişaf konsepsiyasının yaradılmasını zəruri etmişdir.
 
Texniki - peşə təhsilinin mövcud vəziyyəti
 
Azərbaycanda texniki - peşə təhsilinin inkişaf  tarixinin təhlili göstərir ki, bu təhsil pilləsi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində formalaşaraq tarixi bir yol keçmiş və respublika iqtisadiyyatının bütün sahələrinin ixtisaslı fəhlə kadrlarına olan tələbatının ödənilməsində mühüm rol oynamışdır.
Texniki - peşə təhsili ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1982-1996-ci illərdə daha sürətlə inkişaf etmişdir.
Həmin illərdə 100-dən çox texniki-peşə məktəbi yaradılmışdır.
Ötən əsrin 80-ci illərində Azərbaycanda 185 texniki-peşə məktəbi fəaliyyət göstərirdi ki, bunlarda da 109 min şagird təhsil alırdı.
Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə (1991-1993-cü illər) respublikada mövcud olan mürəkkəb ictimai - siyasi şərait və qeyri – sabitlik, səriştəsiz rəhbərlik, bütün sahələrdə olduğu kimi, texniki - peşə təhsilinin də inkişafına mənfi təsir göstərmişdir.
Yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyə ikinci dəfə qayıdışından sonra texniki - peşə təhsilinin inkişaf üçün real şərait yarandı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 avqust 1996-cı il tarixli qərarı ilə peşə təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verilmiş, peşələrin yeni siyahısı təsdiq edilmiş, şəbəkə optimallaşdırılmış, maddi - texniki bazası müasir tələblərə cavab verməyən bir sıra peşə təhsili müəssisələri ləğv edilmişdir.
2006-cı il 01 tarixində respublikada 114 (bunun 7-si əraziləri işğal olunmuş rayonlarda olan, hazırda fəaliyyəti müvəqqəti dayandırılmış texniki - peşə məktəbləridir) texniki - peşə təhsili müəssisəsi vardır.
Hazırda fəaliyyət göstərən 107 peşə təhsili müəssisəsinin 47-si peşə liseyi və 60-ı isə peşə məktəbidir.
Naxçıvan Muxtar Resbublikasında 4, Bakı şəhərində 35, respublikanın digər şərər və rayonlarında isə 68 texniki - peşə təhsili müəssisəsi vardır.
Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23146 şagird təhsil alır ki, onların da təlim - tərbiyəsi ilə 6251 nəfər, o cümlədən 4271 nəfər mühəndis – pedaqoji işçi məşğuldur.
Respublikada fəaliyyət göstərən 107 texniki - peşə təhsili müəssisəsinin 44-ü komplekslərdə, 45-i uyğunlaşdırılmış binalarda və 8-i cəzaçəkmə müəssisələrində yerləşirlər.
Şagirdlərin peşə və ümumtəhsil hazırlığında tədris kabinetlərindən, peşələr üzrə laboratoriyalardan, tədris - istehsalat emalatxanalarından, metal və ağac emalı dəzgahlarından, təlim - təsərrüfatlarından, xeyli miqdarda tikiş avadanlığı və kompüterlərdən istifadə olunur.
«Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahat Proqramı»na müvafiq olaraq tədris plan və proqramlarının məzmunu və quruluşu təkmilləşdirilmiş, ayrı – ayrı fənlər inteqrasiya edilmiş, şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə təsir etmədən artıq həftəlik dərs yükü azaldılmış, «Ümumtəhsil fənləri» bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ümumiorta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında» 1999-cu il 26 aprel tarixli 72 nömrəli qərarına uyğun yenidən işlənmişdir.
İslahat Proqramı qəbul edildikdən sonra texniki – peşə təhsilli müəssisələrinin fəaliyyətini tənzimləyən 26 adda hüquqi – normativ sənəd işlənmiş və Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək kitabça şəklində nəşr olunmuşdur.
Texniki – peşə təhsili sahəsində informasiya, tədris, elmi – pedaqoji və metodiki təminatı yaxşılaşdırmaq məqsədi ilə 2000-ci ildən «Sənətkar» jurnalının nəşrinə başlanmışdır.
Peşə məktəbi və peşə liseylərində təlim – tərbiyə prosesinin səmərəliliyini yüksəltmək, şagirdlərin peşə və fənlərə olan maraq və meyllərini artırmaq, istedadlı şagirdlərin üzə çıxaraq, onlarla aparılan işin forma və metodlarını təkmilləşdirmək məqsədi ilə fənn olimpiada və peşə müsabiqələrinin keçirilməsinə diqqət xeyli artmışdır.
Texniki - peşə təhsilinin təkmilləşdirilməsi, normativ – hüquqi bazanın yeniləşdirilməsi, təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, bazar iqtisadiyyatının tələblərinə və əmək bazarında rəqabətə davamlı, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində bir sıra məqsədəyönlü işlər görülmüşdür.
2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yeni klassifikator təsdiq edilmiş, buraya müasir texnologiyalara uyğun 40-dan çox yeni ixtisas əlavə olunmuşdur.
Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə texniki - peşə təhsili müəssisələrində təlim metodlarını yeniləşdirmək, beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə Azərbaycan daxil olmaqla 7 ölkədə 2004-cü ildən başlayaraq (Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri) mühədis-pedaqoji işçilərin ixtisasının artırılmasına dair 3 illik layihə həyata keçirilir.
Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin yanaşı Təhsil Nazirliyi bir sıra beynəlxalq təşkilatlarla da əlaqələri yaratmışdır. Bunlar YUNESKO, Asiya İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankıdır.
Təhsil Nazirliyi ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında peşə təhsilinin inkişaf layihəsinin hazırlanması üçün 12 avqust 2005-ci il tarixdə pilot tədqiqatının icra protokolu imzalanmışdır.
Respublikada texniki – peşə təhsilinin mövcud vəziyyətini öyrənən tədqiqat qrupu tərəfindən hazırlanmış ilkin yekun hesabat Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə təqdim edilmişdir.
Hesabatda peşə təhsilinin mövcud vəziyyəti təhlil edilmiş, bu sahədə olan problemlər və çətinliklər öz əksini tapmış, sahənin inkişafı üçün təkliflər verilmişdir.
Təhsil Nazirliyi tərəfindən «Azərbaycan Respublikasında texniki – peşə təhsilinin İnkişaf  Proqramı» (2006-2009-cu illər)» və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.
Son illərdə texniki – peşə təhsilinin inkişafına ayrilan büdcə vəsaiti də artmışdır. Belə ki, bu sahəyə ayrılan vəsait yeni Azərbaycan manatı ilə 2003-cü ildə 4,6; 2004-cü ildə 5,6; 2005-ci ildə 7,0; 2006-ci ildə isə 9,7 milyon manat təşkil etmişdir.
      
Texniki - peşə təhsilinin problemləri
 
Bazar iqtisadiyyatının tələblərinə müvafiq rəqabətə davamlı ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün texniki - peşə təhsili müəssisələrinin əksəriyyətinin maddi – texniki bazası günün tələblərinə cavab vermir. Hazırda istifadə edilən bütün avadanlıq fiziki və mənəvi cəhətdən köhnəlmişdir.
1991-ci ildən peşə məktəbi və peşə liseylərinə tədrisin əyani və təlimin texniki vəsitələri, yeni nəsil kompüterlər, müasir konstruksiyalı dəzgahlar, maşın – mexanizm və cihazlar ayrılmır.
Texniki - peşə təhsili müəssisələrində ümumtəhsil və ixtisas fənn kabinetlərində, laboratoriyalarda, kənd təsərrüfatı texnikası, kompüterlər və digər avadanlığın miqdarı normativ sənədlərdə nəzərdə tutulduğundan azdır.  
Respublikanın peşə məktəbi və peşə liseylərində çalışan ixtisas fənn müəllimləri arasında mühəndis – pedaqoqların sayı kifayət qədər deyil.
Son bir neçə ildə respublikanın texniki - peşə təhsili müəssisələrində təhsil alan şagirdlərin sayı xeyli azaldılmışdır.
İnkişaf etmiş ölkələrdə əsas təhsil pilləsi məzunlarının 40-60 %-i məhz texniki-peşə məktəblərinə qəbul olunduğu halda, bu rəqəm Azərbaycanda 5-8 % təşkil edir.
Texniki - peşə təhsilinin Dövlət standartlarının olmaması yeni tədris plan və proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında çətinliklər yaradır.
Dövlət büdcəsindən ayrılan vəsait tədri – maddi bazanın inkişafı və möhkəmləndirilməsi, xammal, yanacaq vəsürtgü materillarının alınması,şagirdlərin sosial müdafiəsi (təqaüd, yemək, xüsusi geyim, yataqxana, sağlamlıq – idmanvə mədəni – kütləvi tədbirlər) kommunal xidmətlər, bina, qurğu və digər  tikililərin əsaslı təmiri, mühəndis – pedaqoji işçilərin ixtisasının artırılması üçün tələb olunan xərcləri tam ödəmir.
Peşə təhsili müəssisələrinin 49-nun tədris və yataqxana binalarında məcburi köçkün və qaçqın ailələri məskunlaşmışdır.
 
Vəzifələr
 
Texniki-peşə təhsilinin inkişaf konsepsiyasının icrası ilə əlaqədar aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- texniki-peşə təhsilinin məzmununu müasir tələblər baxımından yeniləşdirmək üçün normativ – hüquqi bazanı təkmilləşdirmək;
- texniki-peşə təhsilinin müəssisələrinin maddi – texniki bazasını yeni təlim avadanlığı hesabına yeniləşdirmək, tədris prosesinin kompüterləşdirməsi, yeni təhsil texnologiyalarının tətbiqi üçün tədbirlər görmək;
- texniki-peşə təhsilinin əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədilə bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma klassifikatorunu hazırlamaq;  
- peşə təhsili müəssisələrində kadr hazırlığını ölkə iqtisadiyyatının inkişafına və əmək bazarının tələblərinə uyğun yüksək texnologiyalı istehsal və xidmət sahələrinə istiqamətləndirmək;
- kadr hazırlığını ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şərait yaratmaq;
- iqtisadiyyatın qeyri - dövlət bölməsi üçün kadr hazırlığına xüsusi diqqət yetirmək;
- regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkədə qeyri neft sektorunu sürətli inkişaf etdirmək məqsədi ilə kənd təsərrüfatı, turizm, emal və xidmət sahələri üçün kadr hazırlığını genişləndirmək;
- mütərəqqi təhsil formalarından istifadə etməklə fasiləsiz peşə təhsili sistemini daha da təkmilləşdirmək və bu yolla işçiləri iş yerində təhsilini davam etdirilməsi üçün şərait yaratmaq;
- ixtisas fənləri üzrə yeni texnologiyaları özündə əks etdirən, tədris plan və proqramlarını , dərslik və dərs vəsaitlərini hazırlayıb nəşr etdirmək;
- texniki-peşə təhsilinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, əmək bazarında rəqabətə davamlı, yüksək ixtisaslı kardlar hazırlayan yeni tip – pilləli komplekslər yaratmaq və bu işlərin təşkilində müvafiq beynəlxalq və yerli müəssisələrin təcrübəsindən geniş istifadə etmək;
- texniki-peşə təhsilinin müəssisələrinin mühəndis – pedaqoqlarla təmin etmək üçün respublikanın ali təhsil müəssisələrində mühəndis – pedaqoqların, Bakı Sənaye – Pedaqoji Texnikumunda peşə məktəbi və peşə liseylərinin istedadlı məzunlarından istehsalat təlimi ustalarının hazırlanması işini təşkil etmək;
- texniki-peşə təhsilinin müəssisələrinin  rəhbər mühəndis – pedaqoji işçilərinin ixtisasının artırılması və yenidən hazırlanması işini təkmilləşdirmək;
- əmək bazarının tələblərinə uyğun olaraq işsiz və qeyri – məşğul əhaliyə peşə öyrədilməsinə və yenidən hazırlamalarına texniki-peşə təhsilinin müəssisələrində lazımı şərait yaratmaq;
- işəgötürənlərlə texniki-peşə təhsilinin müəssisələri arasında sosial tərəfdaşlıq əlaqələrinin genişləndirməsi üçün tədbirlər görmək;
- texniki-peşə təhsilinin maliyyələşdirilməsinin yeni iqtisadi modelini hazırlamaq;
- texniki-peşə təhsilinin müəssisələrinin sturukturunu və idarəetmə mexanizmini təkmilləşdirmək;
- informasiya texnologiyalarından daha səmərəli istifadə etməklə inkişaf etmiş ölkələrdən məlumatlar toplamaq məqsədi ilə texniki-peşə təhsilinin müəssisələrinin «İNTERNET»ə və digər informasiya kanallarına qoşulmasını təmin etmək və bunun əsasında məlumat bankı yaratmaq;
- «Texniki - Peşə təhsili haqqında » Azərbaycan Respublikası Qanunun layihəsini hazırlamaq.
        
Gözlənilən nəticələr
 
Konsepsiyanın yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
Texniki - peşə təhsilinin hüquqi – normativ bazası təkmilləşəcək.
Texniki - peşə təhsili müəssisələrinin maddi – texniki və tədris bazası müasir avdanlıqla təmin olunacaq, təlim prosesinin səmərəsi artacaq, müasir tələblərə cavab verən sənətkarların hazırlanması üçün əlverişli şərait yaranacaq.
Texniki - peşə təhsili strateji istiqamətlər üzrə daha da inkişaf edəcək, sənətkar şəxsiyyətinin, onda müasir iqtisadi təfəkkürün, yeni texniki və texnologiyaları idarə etmək bacarığının formalaşması, təhsilin demokratikləşdirilməsi və hümanistləşdirilməsi sahəsində geniş imkanlar yaranacaq.
Texniki - peşə təhsili müəssisələrinin elmi – metodiki və informasiya təminatı yaxşılaşacaq, müasir texnika və texnologiyalara dair tədris materiallarını özündə əks etdirən proqramların, dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri sahəsində əsaslı dönüş yaranacaq, təlim – tərbiyənin məzmunu şagirdlərin imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulacaq.
Planlaşdırmanın çevik mexanizmi yaradılacaq, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşacaq, dövlət və qeyri – dövlət müəssisələrinin kadrlara olan tələbatı tam ödəniləcək.
Şagird kontingentinin tərkibi keyfiyyətcə yaxşılaşacaq, yeni yaranan sahələr üçün kadr hazırlığı artacaq.
Peşə məktəbi və peşə liseylərinin strukturu və idarə edilməsi mexanizmi təkmilləşəcək, regionlarda yeni təhsil müəssisələri yaradılacaq.
Regionların tələbatına cavab verməyən texniki - peşə təhsili müəssisələrinin profili dəyişdiriləcək, maddi – texniki bazası zəif olan peşə məktəbi və peşə liseyləri ləğv ediləcək. Şagirdlərin sosial müdafiəsi güclənəcək, onlar üçün müxtəlif mədəni – kütləvi və idman – sağlamlıq tədbirlərinin təşkili üçün geniş imkanlar yaranacaq.
Texniki - peşə təhsilin maliyyələşdirilməsi yeni mexanizmini əks etdirən iqtisadi model formalaşacaq.
Mühəndis – pedaqoji işçilərin sosial müdafiəsi yaxşılaşacaq, onların pedaqoji ustalığının və metodiki hazırlığının yüksəlməsinə, ixtisas biliyinin genişlənməsinə səbəb olacaq.