2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
 
 
ƏMR EDİRƏM:
 
Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 
Təşkilat Komitəsinin sədri:
 
Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
 
Təşkilat Komitəsinin üzvləri:
 
Mətin Eynullayev  - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev  - Təhsil nazirinin müşaviri                               
Samir Vəliyev  - Təhsil nazirinin müşaviri                               
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov  - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri                                 
Rüfət Əliyev  - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
 
Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).
Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilsin.
İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
27 oktyabr 2014-cü il
№1090