Təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən tələblər baxımından 2014-2015-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və onların həllinə yönəlmiş inkişafyönümlü tədbirlər müəyyənləşdirmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.
2. Konfransların keçirilmə tarixləri və bölgələrə ezam olunan əməkdaşlar barədə qrafik təsdiq edilsin (əlavə olunur).
3. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.
4. Konfransların plenar iclaslarında “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.
5. Rayon (şəhər) təhsil şöbələri (idarələri):
5.1. Plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər.
5.2. Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil Problemləri İnstitutuna göndərsinlər.
5.3. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri üçün təşkil olunsun:
- məktəb direktorları;
- təlim-tərbiyə işləri üzrə direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
- fənlər üzrə metodbirləşmə rəhbərləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi rəhbərləri.
6. Təhsil Problemləri İnstitutu (Q.Novruzov):
6.1. Metodik bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil orqanlarına köməklik məqsədilə tövsiyələr hazırlayıb konfrans başlananadək pedaqoji mətbuatda dərc etdirsin.
6.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb Nazirliyə təqdim etsin.
7. İqtisadiyyat şöbəsi (R.Orucov) əməkdaşların ezamiyyə xərclərinin ödənilməsini konfransların keçirilmə tarixi nəzərə alınmaqla təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
 
Mikayıl Cabbarov, 
Azərbaycan Respublikasının təhsil naziri 
27 avqust 2014-cü il 
№ 936

 
Əlavə: