Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma və fərdilik prinsiplərinin nəzərə alınması həyatı zərurətə çevrilmişdir.
Qeyd olunan istiqamətdə qarşıda duran vəzifələrin həyata keçirilməsinə etibarlı dəstəyin və zəruri əlaqələndirmənin təmin olunması məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
 
Qrupun rəhbəri:
Hüseyn Əliyev - Azərbaycan Respublikası təhsil nazirinin müşaviri
 
Üzvlər:
Afət Süleymanova - Məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı  məsləhətçisi;
İradə Mirzəhmədova - İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun baş məsləhətçisi; 
Məmmədəli Kəsəmənli - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini;
Vasif Məmmədov - "Vətən" Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər futbol məktəbinin direktoru.
 
2. İşçi qrupuna tapşırılsın ki, aidiyyəti qeyri-hökumət təşkilatları ilə birlikdə:
  • təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizmini və tətbiqinə dair təklifləri işləyib hazırlasın;
  • təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən halları araşdırsın və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etsin.
     
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını, “Azərbaycan müəllimi” qəzetində və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
 
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
 
Əsas: Aparatın rəhbərinin müavini M.Eynullayevin 29.11.2013-cü il tarixli xidməti məlumatı.                                                                                                                            
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri
11 dekabr 2013-cü il
№913