Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə” 29.08.2013-cü il tarixli 785 nömrəli əmrinə müvafiq olaraq dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən sentyabrın 20-dək Nazirliyə təqdim edilmişdir. Yerlərdən daxil olmuş 2162 vakansiya ilə bağlı araşdırma və təhlillər aparılmış, 1580 zəruri vakant yer müəyyənləşdirilmiş və elan edilmişdir.
2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplamış, lakin işə qəbul olunmamış müəllimlərə həmin vakant yerlərdən 22-26 noyabr 2013-cü il tarixlərində elektron seçim imkanı verilmişdir. Bu mərhələdə 1257 nəfər iştirak etmişdir. 26 noyabr 2013-cü il tarixdə aparılmış əlavə yerləşdirmə nəticəsində 307 nəfər seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanmışdır. 28 noyabr 2013-cü il tarixdə onlarla müsahibə keçirilmiş və 165 nəfərin işə qəbul edilməsi barədə qərar verilmişdir.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
 
 
ƏMR EDİRƏM:
 
1. 28 noyabr 2013-cü il tarixdə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş əlavə yerləşdirmənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və ümumi təhsil müəssisələrinin rəhbərləri:
2.1. 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər.
2.2. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul olunanlar üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyətinə başlamaları ilə əlaqədar müraciət etdikləri problemlərin həll edilməsində onlara köməklik göstərsinlər.
2.3. Yeni işə qəbul edilmiş ibtidai və V-VI siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlbini təmin etsinlər.
2.4. İşə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər barədə dekabrın 10-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
3.İnformasiya şöbəsi (E.Əliyev) ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 28 noyabr 2013-cü il tarixdə keçirilmiş vakant yerlərə əlavə yerləşdirmə nəticəsində işə qəbul olunanların siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini, əmr və ona əlavələrin aidiyyəti üzrə yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə (M.Eynullayev) həvalə edilsin.
Əsas: ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 28 noyabr
2013-cü il tarixdə keçirilmiş vakant yerlərə əlavə yerləşdirmənin nəticələri.
 
 Ceyhun Bayramov,
Azərbaycan Respublikası təhsil nazirinin müavini
2 dekabr 2013-cü il 
№904