2013-2014-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013/2014-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə         12 sentyabr 2013-cü il tarixli 253 S nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin    13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 253 s nömrəli Sərəncamı rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2013-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 19660 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17720 nəfər, ödənişli əsaslarla 1940 nəfər, buraxılış planı 16527 nəfər, o cümlədən ödənişli əsaslarla        1578 nəfər olmaqla təsdiq edilsin.
3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə 2013/2014-cü tədris ili üçün şagird qəbulu planları təsdiq edilsin (əlavə olunur).
4. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov), İnformasiya şöbəsi (E.Əliyev) şagird qəbulu planlarının ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılmasını təmin etsinlər.
5. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın.
6. İlk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırılsın:
6.1. 2013/2014-cü tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun şagird qəbulunun həyata keçirilməsi təmin edilsin;
6.2. İnformasiya və kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq şagird qəbulu prosesində şəffaflığın təmini üçün müraciət edənlərin “Peşə Sisteminə Dəstək Sistemi” (psds.edu.az) portalında qeydiyyatdan keçirilməsi təmin edilsin;
6.3. Şagird qəbulu zamanı müraciət edənlərin seçdikləri ixtisas üzrə bilik və bacarıqlarını yoxlaya bilmək üçün müvafiq  kriteriyalar müəyyən edilsin;
6.4. Qəbul zamanı şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilsin;
6.5. Müraciət edənlərin özlərinə və onların valideynlərinə seçdikləri ixtisas və təhsil alacaqları ilk peşə-ixtisas təhsili müəssisəsi haqqında geniş məlumat verilsin;
6.6. Qəbul planına müvafiq olaraq dərs cədvəlləri müəyyənləşdirilsin və sentyabr ayının 30-na qədər vakansiyalar barədə məlumat Təhsil Nazirliyinə təqdim edilsin.
7. Texniki-peşə təhsili şöbəsinə tapşırılsın:
7.1. İlk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı mütəmadi monitorinqlər təşkil edilsin və lazımı metodiki dəstək göstərilsin;
7.2. Şagird qəbulu ilə bağlı daxil olmuş şikayət və təkliflərin Daxili nəzarət şöbəsi ilə birgə araşdırılıb, lazımı tədbirlərin görülməsi təmin edilsin.
8. İşəgötürən təşkilat və müəssisələrin tələbatına uyğun peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ nazirliyin razılığı ilə təsdiq edilmiş ümumi qəbul planı daxilində həll edilsin.
9. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasında  yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı lazımi köməklik göstərsin.
10. İlk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu prosesi haqqında məlumatların geniş kütləvi informasiya vasitələrində işıqlandırılmasının təmin olunması nazir müşavirinə (H.Əliyev), İnformasiya şöbəsinə (E.Əliyev) və       Texniki-peşə təhsil şöbəsinə (N.Məmmədov) tapşırılsın.
11. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində       və “Sənətkar” jurnalında dərc edilməsini təmin etsin.
12. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2013-cü il tarixli  253 s nömrəli Sərəncamı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
təhsil naziri
13 sentyabr 2013-cü il 
№810