Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm dövlət proqramları qəbul edilmişdir. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsil alanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yaxşılaşdırılması və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir.
Son illər ərzində yeni tikilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuş məktəblərin sayı 1600-ə çatmışdır. Hazırda yüksək maddi-texniki bazaya malik olan həmin məktəblərdə 700 mindən artıq şagird təhsil alır. Bununla yanaşı, qəza vəziyyətinə düşmüş və təlim üçün zəruri şəraiti olmayan ümumtəhsil məktəbləri hələ də qalmaqdadır.
Azərbaycan Respublikasında təhsil sisteminin müasir tələblər səviyyəsində təşkilinin böyük əhəmiyyətini nəzərə alaraq, qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün 13,0 (on üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 iyun 2009-cu il.