Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.06.2013-cü il tarixli əmrinə əsasən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilmişdir. Müsabiqənin keçirilməsinin tənzimlənməsi məqsədilə həmin əmrlə qaydalar və reqlamentləşdirici sənədlər toplusu təsdiq edilmiş, müsabiqə və apelyasiya komissiyaları yaradılmışdır.
28 iyun 2013-cü il tarixdə “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin internet saytında müəllimlərin işə qəbulu üzrə vakant yerlər barədə elan verilmiş, 1-15 iyul 2013-cü il tarixlərində elektron ərizələrin qəbulu aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 18782 nəfər ərizə vermiş, onlardan 17967 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılmışdır. İmtahanlar 2013-cü ilin iyul ayının 25-dən avqust ayının 7-dək davam etmişdir. İmtahanlarda iştirak etmiş 15030 nəfərdən 1597-i müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılmış, 12-16 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə görə 1245 nəfər işə qəbul olunmuşdur. Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə aparılmış əlavə yerləşdirmədə iştirak etmiş 2443 nəfərdən 400-ü müsahibəyə buraxılmış və onların 229 nəfəri işə qəbul edilmişdir. Beləliklə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə görə ümumilikdə 1474 nəfər vakant vəzifələri tutmaq hüququnu qazanmışlar.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri:
2.1. 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər.
2.2. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul olunanlar üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyətinə başlamaları ilə əlaqədar müraciət etdikləri problemlərin həll edilməsində onlara köməklik göstərsinlər.
2.3. Yeni işə qəbul edilmiş ibtidai və V-VI siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçirilməsini təşkil etsinlər.
2.4. Müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
3. Aparat rəhbərinin müavini (M.Eynullayev), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov)  2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin  nəticələrinin geniş təhlilini aparsınlar və yekunlarına dair rəhbərliyə hesabat təqdim etsinlər.
4. Ümumi şöbə (E.Əliyev), İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul olunmuş müəllimlərin siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini, bu əmr və ona əlavə olunmuş siyahıların aidiyyəti üzrə yerlərə çatdırılmasını təmin etsinlər.
5. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə (M.Eynullayev) həvalə edilsin.
Əsas: 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin  işə  qəbulu üzrə müsabiqənin nəticələrinə dair Aparat rəhbərinin müavini M.Eynullayevin təqdimatı.
        
 
 Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
29 avqust  2013-cü il 
№785

Əlavə: