Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılmış, KİV redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilmiş, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilmişdir.
 Azərbaycan Respublikasında mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  
 
QƏRARA ALIRAM:
 
 1. Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılsın.
 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
 
 İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 22 iyul 2013-cü il