2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.11.2012-ci il tarixli Kollegiyasında 2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri geniş müzakirə olunmuş, işə qəbulun daha mütəşəkkil həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na  uyğun olaraq müəllimlərin işə qəbulunun daha şəffaf keçirilməsinə zəmin yaradılması ilə bağlı işə qəbulu tənzimləyən qaydaların və elektron proqram təminatının təkmilləşdirilməsi istiqamətində iş aparılmışdır.
2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə  müəllimlərin mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə işə qəbulunu təşkil etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilsin.
2. “Azərbaycan Respublikası  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları (Əlavə 1)” və “Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu (Əlavə 2)” təsdiq edilsin (əlavə olunur).
3. 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apellyasiya komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).
4.  Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov):
4.1. Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəyyənləşdirilmiş forma üzrə elan hazırlasınlar.
4.2. İyul ayının 1-dək vakant yerlər barədə məlumatların Nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində verilməsini və 01-15 iyul 2013-cü il tarixlərində işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
5. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin.  
6. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin “Tələbə-məzun bazası”nın köməyi ilə yoxlanılıb təsdiqlənməsini təmin etsinlər.
7. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):
7.1. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin.
7.2. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
8. Yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri:
8.1. Müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin vaxtında bağlanılmasını, onlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını təmin etsinlər.
8.2. Müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan, hər hansı bir səbəbdən işindən imtina edən müəllimlər, həmçinin dərs ili başladıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
9. Ümumi şöbə (E.Əliyev), İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) Nazirliyin İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinin açılmasını, bu əmrin və əlavələrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqənin nəticələrinin həmin səhifədə yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsinlər.
10. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə (M.Eynullayev) həvalə edilsin.
Əsas: Təhsil Nazirliyinin 17 noyabr 2012-ci il tarixli Kollegiya qərarının icrası barədə 26.12.2012-ci il tarixli, 2362 nömrəli əmr
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
28 iyun 2013-cü il
712

 
Əlavələr: