Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235) ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bənddən sonra aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. Ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), o cümlədən buraxılış imtahanlarının nəticələri ümumi təhsil haqqında dövlət sənədində əks olunur.";
1.2. 5.1-ci bənddə "verilir" sözü "təqdim edilir" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq normativ hüquqi sənədlərdə dəyişikliklər edilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini Yaqub Eyyubov
Bakı şəhəri, 23 may 2013-cü il
№ 81