Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. Ali təhsil müəssisələrinin tələbələrinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə
 
ƏMR EDİRƏM
 
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibləri təsdiq olunsun (əlavə 1, 2).
3. Müsabiqə qaliblərinin seçilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən həyata keçirilsin.
4. Ali təhsil müəssisələrinin rəhbərləri müsabiqənin əsasnaməyə uyğun olaraq təşkili və keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili və yüksək səviyyədə keçirilməsi ilə bağlı lazımi təşkilati işləri həyata keçirsin.
6. Müsabiqənin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin ayrılmasını təmin etsin.
8. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ali təhsil müəssisələrindən seçim turlarında və qaliblərin yekun konsertində iştirak edəcək tələbələrin ezamiyyə xərcləri onların təhsil aldıqları ali təhsil müəssisələri hesabına ödənilsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Əsas: Təhsil Nazirliyinin 177 nömrəli, 04 fevral 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” əmri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 201 nömrəli, 2 noyabr 2012-ci il tarixli  məktubu və müvafiq dərkənarla nazir müavini Q.Novruzovun 2154 nömrəli, 19 noyabr 2012-ci il tarixli təqdimatı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il
№382

 
Əlavələr: