Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Xudadat qızı Rəfibəylinin 100 illiyi tamam olur.
Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil etmişdir.
Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:

 
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2013-cü il.