Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.
Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:

 
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2013-cü il.