Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur.
Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərmişdir. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatımızın inkişafı sahəsində mühüm xidmətlər göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2013-cü il.