Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366) ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7.5-ci bəndin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
"Tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.";
1.2. 8.2.3-cü yarımbəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"Pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodik təminatla bağlı tövsiyələr Azərbaycan Respublikasının Təhsil Nazirliyi, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.";
1.3. 8.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"8.4. Orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:
8.4.1. nümunəvi tədris planı;
8.4.2. işçi tədris planı;
8.4.3. istehsalat təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;
8.4.4. fənn proqramları;
8.4.5. fənlər üzrə işçi-tədris proqramları (sillabus);
8.4.6. fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;
8.4.7. dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;
8.4.8. nəzəri və praktiki məşğələlərin planı;
8.4.9. fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
8.4.10. kurs işlərinin (layihələrinin), laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;
8.4.11. tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.);
8.4.12. fənnə aid proqram və multimedia vasitələri;
8.4.13. ixtisaslaşmış auditoriya, kabinet və laboratoriyaların, tədris emalatxanalarının siyahısı.
Bu dövlət standartının 8.4.1-ci, 8.4.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, 8.4.2-ci, 8.4.4-8.4.13-cü yarımbəndlərində nəzərdə tutulan sənədlər orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.".
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəhəri, 10 oktyabr 2012-ci il
 № 221