Təlim kurslarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” 2-ci komponentinin icra planına uyğun olaraq, 2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorlarının yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. 2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə 2012-ci il oktyabr-dekabr aylarında 30 saatlıq  (5 günlük) təlim kursları təşkil edilsin.  
2. Təlim kurslarının proqramı təsdiq edilsin (əlavə olunur).  
3. Nəzərə alınsın ki:
3.1. Respublikanın şəhər və rayonlarında təlim kursları TSİİL çərçivəsində keçirilmiş tenderin qalibi olaraq uyğun iqtisadi rayonlar üzrə bu təlimləri keçirmək hüququ qazanmış aşağıdakı təşkilatlar tərəfindən aparılır:
“Təlim və İnkişaf Mərkəzi” TGC MMC – Abşeron, Dağlıq Şirvan, Gəncə-Qazax, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonları üzrə;
“Mədəd Azərbaycan” MMC – Lənkəran, Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə.
3.2. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin direktorları isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.
3.3. Təlim kursunu uğurla başa vurmuş müdavimlərə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş vahid formada sertifikat verilir.  
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
4.1. 2012-2013-cü tədris ilində təlim kurslarına cəlb olunacaq rəhbər işçilərin siyahısını dəqiqləşdirsinlər, təhsil şöbəsinin (idarəsinin) əlaqələndiricisinin, kurs keçirilən məktəbə təhkim olunan əməkdaşın, təlim kurslarına cəlb edilən rəhbər işçilərin siyahısını əmrlə təsdiq etsinlər və əmrin surətini 10 gün ərzində Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim etsinlər.
4.2. Təlim kurslarını həyata keçirən təşkilatla birlikdə 2012-ci ilin oktyabr-dekabr aylarında keçiriləcək kursların cədvəlini tərtib etsinlər, məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş məktəblərdə lazımi şəraitin yaradılmasını, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompyuter (noutbuk), proyektor) təchiz olunmasını təmin etsinlər.
4.3. Təlim kurslarının yekunu barədə sertifikat almış rəhbər işçilərin adlı siyahısı əlavə olunmuş geniş hesabatı 2012-ci il dekabrın 25-dək Təhsil Nazirliyinə təqdim etsinlər.  
5. Məcburi köçkün rayonlarının təhsil şöbələri (E.Şükürova, Z.İbrahimov, M.Bağırov, A.Həşimova, M.Vəliyev, V.Həsənova, M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər üzrə şöbənin əməkdaşlarının və məktəb direktorlarının təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər. 
6. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında təhsil orqanlarına və təlimləri keçirən təşkilatlara əməli köməklik göstərilməsi üzrə müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.
7. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) təlim kurslarının monitorinqinin həyata keçirilməsi üçün əməkdaşların rayon və şəhərlərə ezam olunmasını və monitorinqin nəticələrinə dair arayışın müzakirəyə təqdim olunmasını təmin etsin.  
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, həmçinin təlim kurslarının nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.  
9. Ümumi şöbə (X.Fərəcov)  əmrin əlavələri ilə birlikdə çoxaldılıb təhsil orqanlarına göndərilməsini təmin etsin. 
10. Əmrin icrasına nəzarət Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri F.Qədirova həvalə olunsun.  
 Əsas: Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” 2-ci komponentinin icra planı
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri 
18 sentyabr 2012-ci il 
№ 1491