Təhsil işçilərinin 2012-ci il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi təhsil sahəsində 2011-2012-ci dərs ili bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə yaddaqalan olmuşdur. Belə ki, ibtidai təhsil səviyyəsində yeni fənn proqramlarının (kurikulumlarının) tətbiqi başa çatmış və əldə edilən nəticələrin təhlili üzrə aparılacaq işlərin istiqamətləri müəyyənləşdirilmişdir.
Dərs ili ərzində kurikulumların tətbiqi ilə bağlı yerlərdə təhsil işçilərinə peşəkar səviyyəli metodik köməkliyin təmin olunmasına xidmət edən təlimçilər qruplarının formalaşdırılması işi davam etdirilmiş, Ağcabədi, Ucar, Zərdab, Yevlax, Kürdəmir, Bərdə, Biləsuvar rayonlarında 150 nəfərdən artıq təlimçi hazırlanmışdır. Bununla yanaşı, Mingəçevir, Şirvan şəhərlərində, Balakən, Lənkəran, Zərdab, Sabirabad, Yevlax, Saatlı rayonlarında fənn kurikulumlarının tətbiqi vəziyyəti öyrənilib müvafiq tədbirlər müəyyənləşdirilmiş, Şəki şəhərində Zaqatala, Qax, Balakən, Oğuz rayonlarının təhsil işçilərinin də təmsil olunduğu ümumi təhsilin aktual problemlərinə həsr edilən zona elmi-praktik konfransı keçirilmiş, Bakı və Gəncə şəhərlərinin təhsil işçilərinin iştirakı ilə internet-konfrans təşkil olunmuşdur.
2012-2013-cü dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin V siniflərində yeni fənn proqramları (kurikulumları) ilə tədrisə başlayacaq 35 min nəfərədək fənn müəlliminin nəzəri və praktik hazırlığının təkmilləşdirilməsi istiqamətində qeyri-hökumət təşkilatları cəlb olunmaqla 60 saatlıq proqram əsasında 10 günlük öyrədici təlim kursları keçirilmiş, bu tədbirə 500-dən artıq xüsusi hazırlanmış təlimçi - mütəxəssis cəlb edilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş məktəblilərin ümumrespublika inşa müsabiqəsinin, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin, habelə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.Ə.Sabir və M.İbrahimovun yubileyləri ilə əlaqədar respublika inşa müsabiqələrinin keçirilməsi, 6 müəssisədə (akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli lisey, Bakı Avropa Liseyi, fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayülləşmə əsasında təşkili üzrə pilot layihənin reallaşdırılmasına başlanması, istedadlı uşaq və gənclərlə, eləcə də istedadlı gənc müəllimlərlə iş sahəsində əməli tədbirlərin müəyyənləşdirilib davamlı icrasının təmin edilməsi və s. 2011-2012-ci dərs ilinin mühüm hadisələrindəndir.
Yeni dərs ili ərəfəsində ölkənin ümumtəhsil məktəbləri üçün 186 adda 3.998.300 nüsxə dərslik və metodik vəsait çap edilmiş, bütün növdən olan ümumi təhsil müəssisələrinin tədris planları hazırlanıb təsdiq olunmuşdur. 3270 vakant yerin böyük əksəriyyətinə müəllim kadrları göndərilmişdir.
Bütün bunlarla yanaşı, həmçinin qeyd olunmalıdır ki, ümumi təhsil sistemində öz müsbət həllini gözləyən problemlər də az deyildir. Təhsil orqanları icra intizamının möhkəmləndirilməsi və peşə məsuliyyətinin artırılması, təhsil müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi, təlim-tərbiyə prosesinin müasir pedaqoji innovasiyalar əsasında qurulması istiqamətində təsirli tədbirlər həyata keçirməli, təhsilin keyfiyyətinin yüksəldilməsinə nəzarəti gücləndirməlidirlər.
Qeyd olunanlarla əlaqədar 2012-2013-cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş təkliflər hazırlamaq məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. 2012-ci il 3-13 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin.
2. Konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.
3. Konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin.
4. Konfransların plenar iclaslarında "2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin. Məruzədə aşağıda qeyd olunan fəaliyyət sahələri üzrə görülən işlərin və perspektivdə nəzərdə tutulan tədbirlərin konkret faktlarla əks etdirilməsi tövsiyə olunsun:
4.1. Məktəblərin şəbəkəsinin optimallaşdırılması, onların maddi-tədris bazasının möhkəmləndirilməsi, pedaqoji kadrlarla təminat.
4.2. İcbari təhsilin yerinə yetirilməsi, şagirdlərin ilboyu hərəkətinin izlənilməsi, şagird kontingentinin sabit saxlanması, sağlamlıq imkanları məhdud məktəbyaşlı uşaqların təhsilə cəlbi, təkrar sinifdə saxlanan şagirdlərin məktəbə davamiyyəti.
4.3. Təhsilin keyfiyyətinin monitorinqi, fənlər üzrə (ana dili, riyaziyyat, Azərbaycan tarixi, kimya, fizika, biologiya, coğrafiya, xarici dil və s.) ayrı-ayrı məktəblər və ümumrayon (şəhər) üzrə göstəricilər, "əla" və "4-5" qiymətlərlə oxuyanlar.
4.4. İstedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər. İstedadlı şagirdlərin fənn olimpiadalarında, müsabiqə və yarışlarda, ayrı-ayrı layihələrdə iştirakının təmin edilməsi, onların göstərdiyi nəticələr. İstedadlı şagirdlərin rəğbətləndirilməsi və stimullaşdırılması sahəsində görülən işlər.
4.5. Buraxılış imtahanlarının, ali və orta-ixtisas məktəblərinə qəbulun nəticələri, bu sahədə məktəblərin göstəricilərinin təhlili və qiymətləndirilməsi.
4.6. Bu əmrin 4.2, 4.3, 4.4, 4.5-ci alt-bəndlərində qeyd olunan göstəricilərə əsasən hazırlanmış məktəblərin reytinq cədvəlinin təhlili.
4.7. Müəllimlərin və məktəb rəhbərlərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində aparılan işlər. Vəzifə funksiyalarını tələb edilən səviyyədə yerinə yetirməyən müəllim və məktəb rəhbərləri, onların zəif fəaliyyətini əks etdirən göstəricilərin təhlili.
4.8. Rayon (şəhər) üçün aktual sayılan digər məsələlər.
5. Plenar iclasların 150-250 nəfərlik tərkibdə "dəyirmi masa" formasında təşkili, həmin iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, eləcə də "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı təmin edilsin.
6. Təhsil şöbəsi (idarəsi) müdirinin məruzəsinin cədvəl, sxem və qrafiklər əsasında hazırlanıb ekranda müvafiq slaydlarla müşayiət edilməsi tövsiyə olunsun.
7. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri üçün təşkil edilsin:
- məktəb direktorları;
- ayrılıqda olmaqla məktəb direktorlarının müavinləri;
- ayrılıqda olmaqla fənlər üzrə metodbirləşmə rəhbərləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi rəhbərləri.
8. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil Problemləri İnstitutuna göndərsinlər.
9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):
9.1. Bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil orqanlarına köməklik məqsədilə metodik tövsiyələr hazırlayıb avqustun 25-dək pedaqoji mətbuatda dərc etdirsin.
9.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb nazirliyə təqdim etsin.
10. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda nazirliyin nümayəndələrinin iştirakı barədə təkliflərini 2 həftə müddətinə rəhbərliyə təqdim etsin.
11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 avqust 2012-ci il