Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli  208 S nömrəli sərəncamını elan edirəm:
 
 
“AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
 
SƏRƏNCAM
 
№ 208 S
 
Bakı şəhəri, 3 avqust 2012-ci il
 
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli      156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini nəzərə alaraq:
1. 2012/2013-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə 20380 yer, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə 400 yer təsdiq edilsin (əlavə olunur).
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikasının
Baş naziri  Artur Rasi-zadə”
 
 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərilən sərəncamının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli, 208 S nömrəli Sərəncamı rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2012-ci il üçün ayrı-ayrı ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17660 nəfər, ödənişli əsaslarla 2720 nəfər, buraxılış planı 13238 nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olmaqla təsdiq edilsin.
3. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 144, 72, nömrəli texniki-peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın.
4. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ixtisaslar üzrə təsdiq edilmiş şagird qəbulu planı daxilində nazirliyin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinə 2012/2013-cü tədris ili üçün şagird qəbulu planının layihəsinin 15 iş günü müddətinə hazırlanmasını və təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim olunmasını təmin etsinlər.
5. Peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ təsdiq edilmiş ümumi qəbul planı daxilində həll edilsin.
6. Aidiyyəti ilk peşə-ixtisas təhsili müəssislərinin rəhbərlərinə tapşırılsın:
6.1. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu avqust ayının 15-dən 31-dək həyata keçirilsin.
6.2. Şagird qəbulu planının sentyabr ayının 1-dən 10-na qədər yerinə yetirilməsini təmin etsinlər.
6.3. Şagird qəbulu və buraxılışına dair statistik hesabatları müəyyən edilmiş müddətlərdə nazirliyə təqdim etsinlər.
7. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi və digər bütün rayon (şəhər) təhsil şöbələri ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı lazımi köməklik göstərsinlər.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan Müəllimi” qəzetində və “Sənətkar” jurnalında dərc edilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.08.2012-ci il tarixli 208 S nömrəli Sərəncamı.
 
Misir MƏRDANOV, 
Azərbaycan Respublikasının təhsil naziri 
9 avqust 2012-ci il
№1445