Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir.”;
1.2. aşağıdakı məzmunda 2.6-1-ci-2.6-3-cü bəndlər əlavə edilsin:
“2.6-1. Ümumtəhsil məktəbi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.
2.6-2. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
2.6-3. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu Nizamnamənin müvafiq olaraq 2.6-cı–2.6-2-ci bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadə 
Bakı şəhəri, 19 yanvar 2012-ci il
№ 10