Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya iclasında 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri geniş müzakirə olunmuş, son iki ildə bu sahədə yeni qaydaların tətbiqinə başlanması bildirilmişdir. Qeyd edilmişdir ki, yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən ciddi ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi, bir stavkadan az dərs yükü ilə işləyən müəllimlərin sayının artması, müəllim-şagird nisbətinin ilbəil aşağı düşməsi, saxta, qeyri-qanuni fəaliyyət göstərmiş təhsil müəssisələrinin verdiyi təhsil sənədləri ilə müəllimlərin işə qəbul edilməsi bu prosesdə yeni qaydaların tətbiqini zəruri edən əsas səbəblərdir.
Müəllimlərin işə qəbulu sahəsində qeyd olunan nöqsanların aradan qaldırılması, müasir texnologiyaların tətbiqi ilə keyfiyyətli kadr seçiminin, bu sahədə obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ULTRA şirkəti arasında müqavilə bağlanmış, müəllimlərin işə qəbulu prosesi üçün proqram təminatı hazırlanmış və 2010-cu ilin avqust-sentyabr aylarında işə qəbul yeni qaydalarla həyata keçirilmişdir. 2011-ci ildən işə qəbul qaydaları və onun proqram təminatı daha da təkmilləşdirilmişdir. Belə ki, müəllimlərin işə qəbulu üzrə yeni qaydaların əvvəlkindən üstünlükləri bu prosesdə elektron vasitələrin tətbiqi, şəffaflıq və obyektivliyin təmin olunması, işə qəbul üzrə test imtahanının sonunda hər bir namizədə öz nəticəsinin dərhal elan edilməsi, qiymətləndirmədə insan amilinin olmaması, vakant yerlərə yerləşdirmənin proqram təminatı vasitəsilə aparılması və həmin anda müsabiqənin nəticələri barədə məlumatın hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilməsi ilə müəyyən edilir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə təşkil edilmişdir. Birinci mərhələdə elektron ərizələrin qəbulu və namizədin göstəriciləri əsasında ilkin qiymətləndirilməsi aparılmışdır. İkinci mərhələdə namizədlərlə kompüter qarşısında test imtahanı keçirilmişdir. İmtahanda hər bir namizədə öz ixtisası üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 sual, ümumi metodikadan 5 sual, məntiqdən 5 sual olmaqla, ümumilikdə 35 test tapşırığı verilmiş və onların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılmışdır. Üçüncü mərhələdə isə müsabiqədən keçərək işə qəbul olunmuş müəllimlərlə müsahibə aparılmışdır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yüksək səviyyədə təşkili məqsədilə elektron ərizənin doldurulması və imtahan prosesinin ayrı-ayrı modulları üzrə müvafiq təlimati sənədlər hazırlanmış, Təhsil Nazirliyinin rəsmi İnternet saytında yerləşdirilmiş və "Azərbaycan müəllimi" qəzetində dərc edilmişdir. Eyni zamanda, işə qəbul üzrə müsabiqə prosesində obyektivlik və şəffaflığın təmin olunması üçün bütün lazımi tədbirlər həyata keçirilmişdir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin gedişi kameralar vasitəsilə lentə alınmışdır və xüsusi texniki qaydada saxlanılmışdır. Ayrı-ayrı ixtisas üzrə imtahanların gedişi və nəticələri televiziya kanallarında, İnternet səhifələrində, mətbuatda işıqlandırılmışdır.
2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrində vakant olan 2177 müəllim yerinə işə qəbul üçün 9342 nəfər elektron ərizə vermiş namizədlərdən 8658 nəfərin ərizəsi təsdiq olunaraq imtahana buraxılmışdır. Onlardan 6856 nəfəri 2011-cı ilin 26 iyul - 29 avqust tarixlərində keçirilmiş test imtahanlarında iştirak etmişdir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayaraq müsahibəyə buraxılmış 1216 nəfərdən 1038 nəfərinin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul etmişdir. Müsabiqədə 9 mindən artıq müəllimin iştirak etməsinə, onların yalnız 11 faizinin işə qəbul olunmasına baxmayaraq, nəticələrdən şikayət edən olmamışdır.
Müsabiqədən sonra vakant qalan yerlər 2011-ci ilin sentyabr ayında nazirliyin saytında yerləşdirilmiş və keçid balını toplayan, lakin işə qəbul olunmayan müsabiqə iştirakçıları həmin yerlərə ərizə vermişlər. Vakant yerlərə işə qəbul üçün ümumilikdə 630 ərizə daxil olmuş, eyni ixtisasdan ən yüksək bal toplayandan başlayaraq müvafiq seçimə uyğun vakant yerlərə yerləşdirmə aparılmışdır. Bu mərhələdə 193 nəfərin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə və boş qalan yerlərə əlavə yerləşdirmə başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə boş yerlər qalsa da, dərs ilinin başlanması ilə əlaqədar məktəblərin sinif komplektlərinin formalaşdırılması və bu barədə rəsmi hesabatların təsdiqlənməsi, fənlər üzrə dərs bölgüsünə müvafiq dəyişikliklərin edilməsi əvvəlcə mövcud vakansiyaların dəyişilməsinə gətirib çıxarmışdır. Vakansiyalarda dəyişikliklərin edilməsinə digər bir səbəb də "Ümumtəhsil məktəbinin nizamnaməsi"nə əsasən cari dərs ilində siniflərdə şagird sayı normasının artırılması, şagird yerdəyişməsi ilə əlaqədar sinif komplektlərinin bağlanması və ötən dərs ilinə nisbətən şagirdlərin sayının azalması olmuşdur. Eyni zamanda, yerli təhsili idarəetmə orqanlarına ehtiyac olan məktəblərə kadr sıxlığı olan məktəblərdən daxili yerdəyişmə vasitəsilə müəllimlərin keçirilməsi səlahiyyəti verilmiş və onlar həmin səlahiyyətə uyğun olaraq müraciətlər əsasında yerdəyişmələr aparmışlar.
2011-2012-ci tədris ili başlandıqdan sonra bəzi ümumtəhsil məktəblərində yeni vakant yerlər də yaranmışdır. Buna səbəb isə Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən 65 yaşı tamam olmuş müəllimlərin işdən azad edilməsi, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli, 215 nömrəli qərarına əsasən maksimum dərs yükünün 24 saat müəyyənləşdirilməsi olmuşdur.
Qeyd etmək lazımdır ki, 2011-2012-ci tədris ilinin əvvəlində yaş senzinə görə 10106 nəfər müəllim işdən azad edilsə də, onların dərs yükü digər müəllimlər arasında bölüşdürülmüş, bu mümkün olmadıqda isə vakant yer kimi göstərilmiş və işə qəbul üçün müraciət olunmuşdur. Həmin vakant yerlərə yalnız işə qəbul üzrə keçirilmiş müsabiqədə iştirak edərək müvafiq keçid balını toplamış ehtiyat kadrlar ərizə vermiş və komissiyanın qərarına uyğun olaraq işə qəbul edilmişlər.
Məktəb hesabatlarının təhlili göstərmişdir ki, ötən dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071, müəllimlərin sayı isə 10 min nəfərədək azalmışdır. Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə də müsbət təsir etmiş, bu nisbət ötən dərs ili ilə müqayisədə 0,2 artaraq 8,5 olmuşdur. Son 10 ildə ilk dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilmişdir. Ötən dərs ilinə nisbətən gündüz ümumtəhsil məktəblərində şagirdlərin orta sıxlığı 16,6-dan 16,8-ə yüksəlmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin lPedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan müəllimlərin aylıq əməkhaqqına 3 il müddətində ayda 70 manat əlavə edilməsi, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birləfəlik yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin həmin qərarına uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq olunan limit yerləri müəyyənləşdirilmiş və Maliyyə Nazirliyinə təqdim edilmişdir. 2011-2012-ci tədris ilində ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilməsi nəzərdə tutulmuşdur.
Yerli təhsili idarəetmə orqanlarının təqdim etdiyi vakant yerlərin təhlili əsasında 2011-2012-ci tədris ilində kənd məktəblərində vakant olan müəllim yerlərindən 309-u rayon mərkəzindən 20 kilometrədək məsafədə yerləşən məktəblərdə, 391 yer isə rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən məktəblərdə olmuşdur. Nəzərdə tutulan 800 yerdən 100-ü Naxçıvan Muxtar Respublikasına ayrılmışdır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı bir sıra problemlər də qeydə alınmışdır. Bəzi namizədlər elektron ərizə dolduraraq onu qeydiyyatdan keçirməkdə çətinlik çəkmiş, bu da onların İnternetdən istifadə bacarıqlarının kifayət qədər olmaması ilə bağlı olmuşdur. Namizədlərdən bəzilərinin kompüterdən istifadə bacarıqlarının kifayət qədər olmadığından imtahanda çətinlik çəkdikləri müşahidə edilmişdir. Elektron ərizənin doldurulması zamanı bəzi namizədlərin vakant yerləri düzgün seçməməsi, ərizənin onların özü tərəfindən deyil, kənar şəxs tərəfindən doldurulması, bu səbəbdən də "şəxsi kabinet"ə daxil olmaq üçün kod və parolun onlara məlum olmaması imtahan prosesində əlavə gərginliklər yaratmışdır. Yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən yeni işə qəbul olunmuş müəllimlərin işə təyin edilməsi məsələsinin qəsdən yubadılması hallarına yol verilmiş, işə qəbul olanlara vakansiya barədə verilən məlumatda göstərilmiş saatdan az dərs saatı verilmişdir. Ucqar kənd məktəblərinə işə qəbul olunan müəllimlərə diqqət və qayğının göstərilməməsi, yaşayış yeri ilə təmin olunmaq və digər həvəsləndirmə tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsində yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin rəhbərlərinin laqeydlik göstərməsi hallarına görə nazirliyə şikayətlər daxil olmuşdur.
İşə qəbul üzrə müsabiqənin tərkibinə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları daxil edilmiş, onlar üzərinə düşən təşkilati və sənədləşdirmə məsələlərini məsuliyyətlə yerinə yetirmişlər.
Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsində işə qəbul prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, zəruri texniki işlərin yerinə yetirilməsində idarənin rəhbərliyi və əməkdaşları yaxından köməklik göstərmişlər. Təhsil Nazirliyi ilə bağlanmış müqavilə əsasında ULTRA şirkəti tərəfindən imtahan prosesinə mütəxəssis və texniki kömək məqsədilə işçi qrupu yaradılmış və onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər.
2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant olan yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin təhlili aşağıdakı vəzifələrin həyata keçirilməsini zəruri edir:
1. Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı və Təlim Mərkəzi" yaradılmalıdır.
2. Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə dair təkliflər hazırlanıb nazirliyə təqdim edilməlidir.
3. Tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının hazırlanması üçün ali təhsilin Maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə dair təkliflər hazırlanmalıdır.
4. Orta ixtisas təhsili bazasında az tələbat olan ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri olub-olmamasının təhlilini aparıb təkliflər hazırlanmalıdır.
5. "Müəllimlərin işə qəbulu üzrə Qaydalar" qeydiyyatdan keçirilmək üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
6. Müəllimlərin işə qəbulunun elektron proqram təminatı təkmilləşdirilməlidir: ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməlidir; müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi"nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulmalıdır; proqram təminatına daha iki modul- "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə modulu" əlavə edilməlidir.
Son iki ildə respublikanın ümumtəhsil müəssisələrində işləyən müəllimlərin təhsil sənədləri Təhsil Nazirliyində ekspertizadan keçirilmişdir. Bu istiqamətdə işlər ötən ilin yay aylarında Zaqatala, Balakən və Qax rayonlarında başlanmışdır. Həmin vaxt nazirliyin komissiyası tərəfindən yerdə aparılmış araşdırma zamanı qeyd edilən rayonlarda 27 nəfərin saxta diplomla müəllim işlədiyi müəyyən edilmişdir. Saxta diplom əldə etmiş şəxslərdən 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala rayonunda aşkar olunmuşdur.
Eyni zamanda diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmayan 39 nəfər Qax, 53 nəfər Balakən, 116 nəfər Zaqatala, özəl ali məktəblərin arayışları ilə 13 nəfər Balakən, 20 nəfər Zaqatala, qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin məzunlarından 2 nəfəri Balakən, 14 nəfəri Zaqatalada ümumi təhsil müəssisələrində pedaqoji işə qəbul edilmişdir.
Bundan sonra 10 məcburi köçkün rayonunda da müəllimlərin diplomları ekspertizadan keçirilmiş və daha 51 saxta təhsil sənədi ilə işləyən müəllim aşkar edilmişdir.
Müəyyən edilmiş faktlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin müəllimlərlə bağlanmış əmək müqavilələri ləğv olunmuş, hətta Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov tutduğu vəzifədən azad edilmişdir.
2011-ci ilin may-avqust aylarında respublikanın 25 rayonundan müəllimlərin təhsil sənədləri nazirliyin müvafiq komissiyası tərəfindən araşdırılmışdır. Nəticədə 20 rayonda 92 müəllimin saxta diplomla işlədiyi müəyyən edilmişdir. 25 rayonda isə 303 müəllimin diplomla deyil, arayışla, qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla və ya xarici ölkələrdən aldıqları, lakin qanunvericiliyə uyğun olaraq ekvivalentliyi müəyyən edilməmiş diplomlarla işlədiyi aşkar edilmişdir.
Saxta təhsil sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Bu məqsədlə yerli təhsil idarəetmə orqanlarına müvafiq məktub hazırlanmış və həmin diplom sahibləri ilə bağlanmış əmək müqavilələri ləğv edilmişdir.
Bu proses davam etdirilmiş və 2011-2012-ci dərs ilinin əvvəlində daha 25 rayon və şəhərin ümumtəhsil müəssisələrinin pedaqoji işçilərinin təhsil sənədləri də nazirlikdə ekspertizadan keçirilmişdir. Nəticədə 312 nəfərin saxta diplomla, 331 nəfərin özəl təhsil müəssisələrinin arayışları, müxtəlif kursların vəsiqələri ilə, diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmamış və qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla işlədiyi müəyyən edilmişdir.
Beləliklə, Təhsil Nazirliyi tərəfindən indiyədək keçirilən ekspertizanın yekunlarına görə saxta təhsil sənədləri ilə işləyənlərin sayı 482 nəfər, qanunsuz fəaliyyət göstərən müəssisələrin diplomları ilə işləyənlərin sayı 260 nəfər, leqallaşdırılmamış diplomla işləyənlərin sayı 468 nəfər, özəl təhsil müəssisələrinin arayışları ilə işləyənlərin sayı 116 nəfər və müxtəlif kursların vəsiqələri ilə işləyənlərin sayı 54 nəfər olmuşdur.
Bu istiqamətdə işlər Təhsil Nazirliyi tərəfindən davam etdirilməlidir. Eyni zamanda saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq məktub göndərilməlidir.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə dair Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiyasının qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Ümumi şöbə (X.Fərəcov):
2.1. Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları"nın işlənib hazırlanmasını təmin etsinlər və qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etsinlər.
2.2. Tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının hazırlanması üçün ali təhsilin Maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə dair təkliflər hazırlayıb təqdim etsinlər.
2.3. Orta ixtisas təhsili bazasında az tələbat olan ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri olub-olmamasının təhlilini aparsınlar və təkliflər hazırlayıb təqdim etsinlər.
2.4. Araşdırılma nəticəsində təsdiq olunmuş faktlar əsasında saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və müvafiq təhsil müəssisələri rəhbərlərinə məktub göndərilməsini təmin etsinlər.
3. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə məzunlara ətraflı məlumat verilməsini və geniş izahat işi aparılmasını, həmçinin onlara diplomların vaxtında verilməsini təmin etsinlər.
4. Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri:
4.1. Müəllimlərin işə qəbulunun nəticələri barədə Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya qərarından və bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsini və müvafiq izahat işlərinin aparılmasını təmin etsinlər.
4.2. Müəllimlər arasında dərs bölgüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli, 215 nömrəli Qərarına uyğun aparılmasını təmin etsinlər.
4.3. Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim etsinlər.
4.4. Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri həll etsinlər.
4.5. 2011-2012-ci tədris ilində işə qəbul olunmuş müəllimlər haqqında və hazırda ciddi ehtiyac üzrə vakant yerlər haqqında məlumatları hazırlayıb qısa müddətdə nazirliyə təqdim etsinlər.
4.6. Vaxtilə mövcud təlimati sənədlərinin tələblərinə zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların müvafiq sənədlərinin bir daha araşdırılmasını, bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvini təmin etsinlər. Ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomlarını araşdırsınlar və nazirliyə yazılı məlumat təqdim etsinlər.
4.7. 1992-ci ildən etibarən xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomlarının nostrifikasiya edilməsi (ekvivalentliyinin tanınması) məqsədilə mövcud qaydada müvafiq sənədlərin nazirliyə təqdim olunması istiqamətində tədbirlər görsünlər.
4.8. Müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə bağlanmış əmək müqavilələrinin ləğvini təmin etsinlər.
5. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):
5.1. Hər il iyul ayının 1-dək vakant yerlər barədə məlumatların təhlilini aparsın, nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində elanların verilməsini, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərin elanda reqlamentlə müəyyənləşdirilmiş qaydada göstərilməsini təşkil etsin.
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerlərini müəyyənləşdirsin və iyun ayının 15-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etsin.
5.3. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qruplarının yaradılmasını və "Test bankı"nın hazırlanmasını təmin etsin.
5.4. Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı və Təlim Mərkəzi"nin yaradılmasına dair təkliflər hazırlayıb təqdim etsin.
5.5. Müəllimlərin işə qəbulunun elektron proqram təminatının təkmilləşdirilməsi, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi, müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi"nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulması, proqram təminatına daha iki modulun - "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə" modullarının əlavə edilməsi üçün tədbirləri həyata keçirsin.
5.6. Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə dair təkliflər hazırlayıb təqdim etsin.
5.7. Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə əlaqədar əmək qanunvericiliyindən və işə qəbul üzrə mövcud qaydalardan irəli gələn tələblərə ciddi riayət olunmasını yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılması istiqamətində tədbirlər görsün.
5.8. Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair təkliflər versin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV, 
Azərbaycan Respublikasının təhsil naziri
30 yanvar 2012-ci il
№ 138