Tələbələrin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində keçirilən "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqənin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə Azərbaycan Respublikası təhsil nazirinin 4 may 2011-ci il tarixli, 745 nömrəli əmri ilə 2011-ci il 29-30 noyabr tarixlərində Bakı Slavyan Universitetinin bazasında keçirilmişdir.
Konfransın işi 17 bölmədə aparılmışdır. Tədbir əlamətdar bir vaxta - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunması dövrünə təsadüf etdiyindən konfrans çərçivəsində  "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqənin keçirilməsi qərara alınmış və bu məqsədlə xüsusi bölmə və münsiflər heyəti yaradılmışdır. Bütün bölmələrə təhsil sistemində çalışan görkəmli alimlər rəhbərlik etmişdir.
Qeyd olunmalıdır ki, ali məktəblərdə təhsil alan gənclər üçün respublikamızda təhsil mühiti ildən-ilə yaxşılaşır. Tələbələr üçün müxtəlif fənn olimpiadaları, müsabiqələr, konfranslar və digər tədbirlər keçirilir. Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasında mühüm rol oynayan Tələbələrin respubllika elmi konfransına tələbələrin də marağı ildən-ilə artır. Belə ki, ötən ildə konfransa tələbələr tərəfindən 360 məruzə təqdim edilmişdisə, bu il 21 dövlət və 4 qeyri-dövlət ali təhsil müəssisəsindən 506 məruzə təqdim olunmuşdur. Həmin məruzələrin elmi səviyyəsi və konfransın keçirilmə qaydalarına uyğunluğu bölmə rəhbərləri və Təşkilat komitəsi tərəfindən konfransdan öncə araşdırılmış və müsbət rəy verilən 454 məruzə konfransın proqramına daxil edilmişdir.
Konfransın müvafiq bölmələrinə təqdim edilən məruzələrin sayı müxtəlifdir. Ən çox məruzə iqtisadiyyat bölməsinə və müsabiqəyə təqdim edilmişdir ki, iqtisadiyyat bölməsinə ali təhsil müəssisələrindən 79 məruzə göndərilmişdir. Lakin münsiflər heyəti tərəfindən yalnız 27 məruzənin konfransda dinlənilməsi məqsədəuygun hesab edilmişdir. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqəyə ümumilikdə 97 məruzə təqdim edilmişdir. Qaydalara görə 2 mərhələdə keçirilən müsabiqənin 1-ci mərhələsində təqdim olunan məruzələr müvafiq meyarlara uyğun yoxlanılmış və 41-dən yuxarı bal toplamış məruzələrin müəllifləri  (28 tələbə) müsabiqənin 2-ci mərhələsinə vəsiqə qazanmışdır. 2-ci mərhələdə münsiflər heyəti tərəfindən 6 nəfər qalib müəyyənləşdirilmiş və konfransın bağlanışında onlara pul mükafatları, Təhsil Nazirliyinin diplomları və Bakı Slavyan Universiteti tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edilmişdir.
Məruzələrinin elmi səviyyəsi və bölmələrin iclaslarında öz fəallığı ilə fərqlənən tələbələrə Təhsil Nazirliyinin Sertifikatları təqdim edilmişdir.
Qeyd olunanları nəzərə alaraq  
ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən və ali təhsil müəssisələrinin tələbələri üçün ənənəvi olaraq keçirilən respublika elmi konfranslarının tələbə elmi-tədqiqat işinin aparılmasına və tədqiqat nəticələrinin müzakirə edilməsinə, bununla da ali təhsilli mütəxəssis hazırlığına müsbət təsiri qeyd edilsin.
2. Ali məktəb tələbələrinin XXII Respublika elmi konfransında dinlənilmiş məruzələrin elmi səviyyəsinin ötən konfransa nisbətən yüksək olması nəzərə alınsın.
3. Konfrans çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar təşkil olunan müsabiqənin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərinin siyahısı təsdiq edilsin (əlavə olunur).
4. Nəzərə alınsın ki, müsabiqə qaliblərinə Təhsil Nazirliyinin pul mükafatları və diplomları, həmçinin Bakı Slavyan Universitetinin hədiyyələri konfransın bağlanışında təqdim edilmişdir.
5. Konfransın keçirilməsi üçün əlverişli şərait yaratdığına görə Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevə və elmi işlər üzrə prorektoru, professor Məmməd Əliyevə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
6. Konfransın materiallarının nəşri Bakı Slavyan Universitetinin rektoruna (K.Abdullayev) tapşırılsın.
7. Ali təhsil müəssisələrinin rektorları:
7.1. Tələbələr və magistrantların sərbəst elmi yaradıcılığa cəlb edilməsinə, tələbə elmi-tədqiqat işinin təşkilinə diqqət artırılsın.
7.2. Tələbələrin elmi-tədqiqat mövzularının seçilməsində və yerinə yetirilməsində kafedraların və elmi rəhbərlərin məsuliyyətinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilsin.
7.3. Tələbələrin respublika elmi konfransları keçirilən zaman onların elmi rəhbərlərinin iştirakı təmin edilsin.
8. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova):
8.1. Növbəti respublika tələbə elmi konfransının keçirilməsinə dair təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim etsin.
8.2. Əmrin "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc edilməsini təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini və Təhsil Nazirliyinin İnternet saytında yerləşdirilməsini təmin etsin.
10.  Ümumi şöbə əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2011-ci il