Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyi kollegiyasının “2008-2011-ci illərdə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin yekunları haqqında” 03.12.2011-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. “2008-2011-ci illərdə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin yekunları haqqında” arayış və Nazirliyin kollegiyasının müvafiq qərarı nəzərə alınsın.
2. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli, 2372 nömrəli Sərəncamına uyğun olaraq, hər il ölkədə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi, müsabiqə qaliblərinin yüksək məbləğdə pul mükafatı ilə mükafatlandırılması Azərbaycan dövlətinin, bilavasitə dövlət başçısı cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə müntəzəm diqqət və qayğısının real təzahürü kimi qiymətləndirilsin.
3. ”Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin ümumi təhsil sistemində yaradıcı fəaliyyətə, islahatyönümlü tədbirlərin davamlı və sistemli surətdə həyata keçirilməsinə, təhsil innovasiyalarının səmərəli tətbiqinə geniş imkanlar açdığı qeyd edilsin.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon(şəhər) təhsil şöbələri, Nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları:
4.1. Bu əmri və əlavə olunmuş arayışı məktəb rəhbərlərinin, pedaqoji kollektivlərin diqqətinə çatdırsınlar, arayışdakı təhlilə əsasən, müvafiq tədbirlərin görülməsini təmin etsinlər.
4.2. Müsabiqə qaliblərinin iş təcrübəsinin öyrənilib yayılması, qalib adını qazanmış fənn müəllimlərinin və məktəblərin direktorlarının təqdimatlarının, nümunəvi dərslərinin təşkili, onların rəğbətləndirilməsi, əməyinin stimullaşdırılması üzrə əlavə tədbirlərin həyata keçirilməsi sahəsində ardıcıl iş aparsınlar.
4.3. Bir sıra məktəb və müəllimlərin aidiyyəti müsabiqədə zəif iştiraklarının və uğursuzluqlarının səbəblərini ətraflı araşdırıb lazımi nəticə çıxarsınlar.
5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) bu müsabiqələrin növbəti illərdə də səmərəli təşkili və yekunlaşdırılması istiqamətində zəruri tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsinlər.
6. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə çoxaldılıb yerli təhsil orqanlarına çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 dekabr 2011-ci il
№ 2178