Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə
 
QƏRARA ALIRAM:

1. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-сu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 785) ilə doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2011-ci il.