Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 1644 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 19-cu hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 nömrəli Bakı Peşə Liseyi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılsın.
2. Bakı Turizm Peşə Məktəbinin 2011/2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün cari ilin sonunadək tələb olunan xərclərin maliyyələşdirilməsi 2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsinin müvafiq paraqrafında nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təmin edilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2012-ci ildən başlayaraq, Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin nəzərdə tutulmasını təmin etsin.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 17 ünvanında yerləşən 11 nömrəli Bakı Peşə Liseyinin 0,9662 ha torpaq sahəsinə malik dördmərtəbəli binasının bir hissəsi (6833.5 kv.m) ona məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansına verilsin.
5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:
5.1. ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin şagirdlərinin təhsillərinin Bakı Turizm Peşə Məktəbində başa çatdırılmasını təmin etsin;
5.2. ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin işçi heyətinin ixtisaslarına uyğun işlə təmin olunması ilə bağlı tədbirlər görsün;
5.3. Bakı Turizm Peşə Məktəbinin 2011/2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün digər zəruri tədbirləri həyata keçirsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "İlk peşə-ixtisas təhsili müəssisələri" bölməsinin 12-ci hissəsi ləğv edilsin.
7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının  Baş naziri
 Artur Rasi-zadə
 Bakı şəhəri, 6 dekabr 2011-ci il
№ 192