"Sabahın alimləri" müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə 
ƏMR EDİRƏM:
1. 2012-ci ilin 23-24 fevral tarixlərində Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinin "Sabahın alimləri" adlı müsabiqəsi keçirilsin.
2. Müsabiqənin Təşkilat Komitəsi təsdiq edilsin (əlavə olunur).
3. Ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın:
3.1. Kiçik Akademiyaların fəaliyyətini gücləndirmək istiqamətində konkret tədbirlər görülsün;
3.2. Ali təhsil müəssisələrinin alimləri ilə əlaqələrin möhkəmlənməsi təmin edilsin;
3.3. Bir ay müddətində şagirdlərin tədqiqat mövzuları müəyyənləşdirilsin və müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilsin.
4. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov) və Sumqayıt Dövlət Universitetinə (N.Qəhrəmanov) tövsiyə edilsin.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva) və Sumqayıt Şəhər Təhsil Şöbəsinə (V.Bağırov) ümumi təhsil müəssisələrinə məlumatların çatdırılması və müsabiqənin təşkili ilə bağlı məsələlərin həllində müvafiq  köməklik göstərilməsi tapşırılsın.
6. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
6.1. "Sabahın alimləri" müsabiqəsinin Əsasnaməsinin layihəsi, Elmi  Ekspertiza Komitəsi və Münsiflər heyətinin tərkibi haqqında təkliflər hazırlanıb 5 gün müddətində təsdiqə təqdim edilsin.
6.2. Əmrin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (S.Məmmədov) tapşırılsın:
7.1. Müsabiqəyə texniki dəstək (veb-saytın yaradılması, yerləşdirilməsi və müvafiq elektron xidmətlərin göstərilməsi) verilməsi təmin edilsin.
8. "Mədəd" təşkilatı tərəfindən aşağıdakıların həyata keçirilməsi nəzərə alınsın:
8.1. Yerlərdə müəllimlərin məlumatlandırılması;
8.2. Beynəlxalq təşkilatlarla əlaqələrin saxlanılması.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 oktyabr 2011-ci il