Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2011-ci il.