“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:


1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Məcəllənin 10-1.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanının rəhbəri”nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir;
3.3. həmin Məcəllənin 10-1.3-cü maddəsində “müvafiq dövlət orqanı” dedikdə müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanı nəzərdə tutulur.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2011-ci il.