Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı
 
ƏMR EDİRƏM:
 
1. 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları 2011-ci ilin 2-10 sentyabr tarixlərində saat 14.30-da keçirilsin:
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 2 sentyabr 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 5 sentyabr 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 6 sentyabr 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 7 sentyabr 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 8 sentyabr 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 9 sentyabr 2011-ci il tarixində;
- Bakı şəhərində 10 sentyabr 2011-ci il tarixində;
- məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixlərdə.
2. Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.
3. Ümumi orta təhsil səviyyəsi  üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunsun.
4. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsinlər.
5. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) payız buraxılış imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasınlar.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları:
6.1. ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin məlumatlandırılması işini təşkil etsinlər;
6.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdırsınlar;
6.3. payız buraxılış imtahanına qalmış şagirdlərin imtahanlarda iştirakını təmin etsinlər.
7. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə lazımi köməklik göstərsin.
8. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) payız buraxılış imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, payız buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 Əsas: “Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili müəssi­sələrində təh­silalan­ların qiymətləndiril­məsi və yekun dövlət attestasiyasının apa­rılması Qaydaları”
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 avqust 2011-ci il