Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərancamı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə:

 

1. Qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 30 may 2020-ci il