Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli 1801 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (M.Babanlı) yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı Universitetdə Təşkilat Komitəsi yaratsın, aidiyyəti icraçı qurumlarla birlikdə tədbirlərin icrasını təmin etsin, icra vəziyyəti barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat versin, cari ilin dekabr ayında müvafiq hesabat hazırlayıb təqdim etsin.

3. Ali təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrasını təmin etsinlər və görülmüş işlər barədə cari ilin dekabr ayında Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

4. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsi ilə bağlı zəruri işləri həyata keçirsinlər.

5. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) Tədbirlər Planının icrası ilə bağlı məsələlərin əlaqələndirilməsi və hesabatların ümumiləşdirilməsi ilə bağlı məsələləri həll etsin.

6. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin və Tədbirlər Planının çoxaldılıb aidiyyəti struktur bölmələrə və qurumlara göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.           

Əsas: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Neft və Sənaye  Universitetinin 100 illik yubileyinin  keçirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli 1801 nömrəli Sərəncamı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

18 may 2020-ci il

F-238