Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları

“Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsini və xərclənməsini tənzimləmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 14 iyul 2005-ci il

№ 137


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 14 iyul tarixli 137 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas

təhsili müəssisələrində təhsil haqqının ödənilməsi

Qaydaları

 

1. Bu Qaydalar dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqlarının ödənilməsi və mədaxil edilməsində yol verilən nöqsanların aradan qaldırılması, həmin vəsaitlərin mövcud qanunvericiliyə uyğun olaraq xərclənməsinin təmin edilməsi məqsədilə hazırlanmış və bütün dövlət ali və orta ixtisas təhsili müəssisələrinə şamil edilir.

2. Təhsil haqları dövlət ali və orta ixtisas təhsili müəssisələrinin mühasibatlığı tərəfindən nağd qaydada qəbul edilmir.

3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ixtisasdan asılı olaraq təhsil haqqının məbləği mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir və aşağıdakı qaydada ödənilir:

ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən təhsil haqqı onların təhsil aldıqları müəssisələrin müvafiq xəzinə hesablarına banklar və onların filialları vasitəsilə köçürmə qaydasında ödənilir;

müvafiq ali və orta ixtisas təhsili müəssisəsinin mühasibatlığı tərəfindən təhsil haqqının ödənilməsi üçün tələbələrə onların adlarını, atalarının adlarını və soyadlarını, təhsil aldığı müəssisənin və fakültənin adlarını, qrupun nömrəsini, habelə ödəniş məbləğini göstərməklə hesab-faktura verilir;

təhsil haqqının ödənilməsi üçün tələbəyə verilən hesab-fakturaya təhsil müəssisəsinin rektoru (direktoru) və baş mühasibi imza etdikdən sonra hesabfaktura müəyyən olunmuş qaydada xüsusi olaraq açılmış kitabda qeydiyyata alınır və alınması üçün həmin kitabda imza etdikdən sonra tələbəyə təqdim edilir;

tələbə tərəfindən təhsil haqqının ödənilməsini təsdiq edən sənədin surəti məlumat üçün təhsil müəssisəsinin mühasibatlığına təqdim olunur.

4. Tələbələrin təhsil haqları onları himayəyə götürmüş idarə, müəssisə və təşkilatlar, habelə iş adamları tərəfindən təhsil müəssisəsinin müvafiq xəzinə hesabına banklar və onların filialları vasitəsilə köçürülə bilər.

5. Bu Qaydalarda göstərilən şərtlərə əməl edilməməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və baş mühasibləri məsuliyyət daşıyırlar.