Sual: İlk peşə-ixtisas təhsili müəssisələrində hansı dərslər tədris edilir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və pilləsi (kurikulumu)”nə əsasən ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlər aşağıdakılardır:
- ümumtəhsil fənləri;
- informasiya-kommunikasiya texnologiyaları;
- peşə-ixtisas fənləri (nəzəri);
- istehsalat təlimi və istehsalat təcrübəsi.
 Dərsdən kənar məşğələlər:
- fakültativ;
- fərdi və qrup məşğələləri.

Sual: İlk peşə-ixtisas təhsili üzrə ən çox hansı ixtisaslara meyl var?

Cavab: Ən çox “Əməliyyatçı-mühasib”,“Aşpaz”, “Dərzi”, “Kompüter operatoru”, “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Elektrik qaz qaynaqısı”, “Traktorçu-maşinist”, “Bərbər-manikürçü”, “Avtomobillərin təmiri çilingəri”, “Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisaslarına maraq var.

Sual: Bu müəssisələrdə təhsil müddəti neçə ildir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və
proqramı (kurikulum)”na əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti 6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir:
Tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti – 1 il;
 Ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti – 3 il;
Ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il;
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikumlarının) yerinə yetirilməsi müddəti”nə uyğun olaraq, ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün, işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

Sual: Aqraryönümlü orta ixtisas təhsili müəssisələrini bitirənlərin işlə təmin olunması nə yerdədir?

Cavab:Hazırda bir sıra orta ixtisas təhsili müəssisələrində - Tovuz Dövlət Sosial İqtisad Kolleci, Quba Dövlət Sosial İqtisad Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci, Gəncə Texniki Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Meşə və meşə park təsərrüfatı”, “Aqronomluq”, “Aqrar (fermer) təsərrüfatının təşkili”, “Yer quruluşu və torpaq müfəttişliyi”, “Balıqçılıq”, “Baytarlıq” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrini bitirənlər işlə təmin olunurlar.

Sual: Krımda təhsil alan azərbaycanlı tələbələrin diplomu Azərbaycan tərəfindən tanınacaqmı?

Cavab: Təhsil sənədlərinin tanınması dövlətlərarası sazişlərlə tənzimlənir.

Sual: De-institutlaşma sistemi necə tətbiq olunur?

Cavab:De-institutlaşma prosesi ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçirilən yeni bir islahatdır və dövlət uşaq müəssisələri sisteminin alternativ qayğı sistemi ilə əvəz edilməsi prosesini nəzərdə tutur.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrində keçirilmiş sorğuların nəticələrinə əsasən hazırlanmış və hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq 13 internat məktəbi transformasiya olunaraq ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara çevrilmişdir.
Bununla yanaşı, dövlət uşaq müəssisələrinin nəzdində günərzi və reabilitasiya-inkişaf mərkəzləri yaradılmış və hazırda fəaliyyət göstərir.
10 nəfər uşaq üçün tikilib istifadəyə verilmiş 1 nömrəli Ailə tipli kiçik qrup evi Azərbaycan Respublikası Nazilər Kabinetinin 2013-cü il 06 sentyabr tarixli 250 nömrəli qərarı ilə Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təhsil Nazirliyi tərəfindən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir.
Dövlət Proqramının Tədbirlər Planının 9-cu bəndinin icrası olaraq uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, habelə uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, 2013-cü ildə isə 34 nəfər uşağın dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısı alınmışdır.
Dövlət Proqramının icrası olaraq 309 nəfər uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilmişdir. 309 nəfər uşaqdan öz bioloji ailəsinin və ya yaxın qohumlarının himayəsinə qaytarılması mümkün olan 150 nəfər uşağa fərdi plan hazırlanmışdır. Rayonlara səfərlər edilərək Rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələsinə baxılmışdır. Uşağın bioloji valideynin və ya onu əvəz edən şəxsin, həmçinin yaxın qohumlarının iştirakı ilə keçirilən iclaslarda komissiyanın üzvü olan digər yerli icra strukturlarının məsul nümayəndələri tərəfindən ailənin probleminin həllinə müvafiq köməklik göstərirlər. Aparılan məqsədyönlü işlərin nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bu müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılmışdır. Həmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı rayon icra hakimiyyətlərinə məktub ünvanlanmışdır.
2008-ci ildə 4055 nəfər uşaq dövlət müəssisələrində gecələyirdisə, onların sayı azalaraq hazırda 3470 nəfər təşkil edir.

 Sual: Bu sistemin tətbiqində  hansı problemlərlə qarşılaşırsınız?

Cavab: De-institutlaşma prosesini uğurla keçmiş ölkələrdə uşaqların müdafiəsi sahəsində əsas aparıcı işçi qüvvəsi sosial işçilər hesab olunur. Sosial işçi - çətin həyat şəraitində olan ailələr və uşaqların sosial-psixoloji reabilitasiya və inteqrasiyasını həyata keçirməklə onların problemlərinin həlli ilə bağlı peşəkarcasına yardım göstərən şəxsdir.
İnkişaf etmiş Avropa ölkələrində de-institusionalizasiya ilə bağlı aparılmış islahatlar zamanı ilkin olaraq uşaqlara yönələn alternativ xidmətlər yaradılmağa başlanılmışdır. Xidmətlər təşkil edilmiş və sosial işçilər tərəfindən çətin vəziyyətdə olan ailələrin uşaqları bu xidmətlərə cəlb edildikcə dövlət uşaq müəssisələrinə düşən uşaqların sayı nəzərə çarpacaq dərəcədə azalmış və bunun nəticəsində müəssisələrin sayı azalmış, əksər ölkələrdə isə bu tip müəssisələr dövlət uşaq müəssisələri kimi fəaliyyətlərini dayandırmışdır.
Dövlət Proqramının icrası olaraq təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması ilə bağlı 2010-2011-ci tədris ilindən etibarən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə kurs açılmışdır. Bu günədək internat məktəblərində işləyən 32 tərbiyəçi-müəllim bu kursa cəlb olunmuşdur. Ölkədə sosial işçilərin sayının artması ilə çətin həyat şəraitində olan ailələrin vaxtında aşkarlanması, onların problemlərinə kompleks yanaşma, müvafiq dəstəyin göstərilməsi və alternativ xidmətlərin yaranması nəticəsində müəssisələrə düşən uşaqların sayı azalacaqdır.

Sual: Hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin hesabına müxtəlif ixtisaslara olan tələbatın ödənilməsi mümkündürmü və bu sahədə fəaliyyət nəzərdə tutulurmu?

Cavab: Əlavə təhsil fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də yenidənhazırlanma təhsilidir. Hazırda müxtəlif ali təhsil müəssisələrində istər pedaqoji, istərsə də qeyri-pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bu zaman yenidənhazırlanma təhsilinə müraciət edənlərin ilkin baza ixtisasları ilə yenidənhazırlanmaq istədikləri ixtisaslar arasındakı uyğunluq tələbi nəzərə alınır.

Sual: Azərbaycanda ali məktəblərdə müəllim hazırlığı üçün internatura modeli nə zamandan tətbiq ediləcək? Bakalavr təhsili alan gənclər üçün internatura hansı kursdan etibarən tətbiq ediləcək?

Cavab: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas hədəflərdən biri kimi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, o cümlədən müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi qeyd olunmuşdur.
Yeni sistemin tətbiqi üçün ilk növbədə beynəlxalq təcrübəyə əsaslanan normativ hüquqi sənədlər hazırlanmalıdır. Bu sənədlər hazırlandıqdan sonra internatura modelinə dair ətraflı məlumatlar ictimaiyyətə çatdırılacaqdır.

Sual: Ali məktəblərlə orta məktəblərin birləşdiriləcəyi barədə məlumata aydınlıq gətirilməsini xahiş edirik.

Cavab:Bildiririk ki, orta məktəblərin ali məktəblərə təhkim olunması təhsilin müxtəlif səviyyələri arasında fasiləsizlik prinsipini təmin etməyə imkan verəcək. Ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvü əlaqə vacibdir. İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsilalanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır.