Sual:Xaricdə təhsil üzrə yeni Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulurmu?

Cavab: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ötən il başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb və hazırda həmin proqramla bağlı qurumlararası müvafiq məsləhətləşmələr aparılmaqdadır.
Proqram qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Sual:Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsində məqsəd nədir? Ötən il diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilibmi?

Cavab: Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
İlk dəfə Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər müvafiq təlimlərə cəlb edilib. Təlimlər bitdikdən sonra həmin kontingent yenidən imtahan verib və yüksək nəticə göstərib.

Sual:Bu il müəllimlərin işə qəbulu üzrə imtahanlar nə vaxt keçiriləcək? Vakant yerlərin sayı müəyyənləşdirilibmi?

Cavab: Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə müsabiqələr hər il olduğu kimi, bu il də tədris ilinin sonu keçiriləcəkdir.
Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər haqqında məlumatlar hər tədris ilinin sonunda Təhsil Nazirliyinə təqdim olunur.

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Cavab:   Hazırda ölkə üzrə 43 ümumi təhsil müəssisəsi “Elektron məktəb” layihəsinə cəlb olunub. Layihənin məqsədi informasiya-kommunikasiya texnologiyalarının təhsil sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər təhsil müəssisələrində tətbiqidir. “Elektron məktəb” layihəsinə cəlb olunan ümumtəhsil məktəbləri Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şamaxı, Quba, Tovuz, Ağdaş və Ağstafada yerləşir.
“Elektron məktəb” layihəsi çərçivəsində seçilmiş təhsil müəssisələrində vahid informasiya mühiti yaradılıb, təhsil müəssisələri zəruri avadanlıqlar, proqram təminatı ilə təmin edilib, kadrların (inzibati, pedaqoji, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görülüb. Bununla yanaşı, təhsil müəssisələri fiber-optik kabel vasitəsi ilə Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxışla təmin edilib.
Eyni zamanda “Elektron məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir.

Sual: 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri nə vaxt keçiriləcək?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcəkdir.

Sual: Əgər tələbənin oxuduğu əyani ixtisasın qiyabisi yoxdursa və tələbə üzrlü səbəblərdən təhsil formasını qiyabi davam etdirmək istəyərsə, bu mümkündürmü? Nəzərə alaq ki, tələbə birinci kursu müvəffəqiyyətlə başa vurub. Bu zaman vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?

Cavab: Əgər tələbə əsaslı səbəblərdən təhsilini əyani şöbədə davam etdirə bilmirsə və oxuduğu ixtisas üzrə qiyabi təhsilalma forması yoxdursa, o, uyğun ixtisasa köçürülə bilər. Bu zaman o, köçürülmə səbəblərini təsdiq edən sənəd, akademik arayış (transkript) və ərizə ilə köçürülmək istədiyi ali təhsil müəssisəsinin tabeliyində olduğu mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir.

Sual: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələr hansı şərtlər əsasında seçilir?

Cavab: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq həyata keçirilir. 

Sual: Təhsil Nazirliyi özəlləşdirilən uşaq bağçalarının təyinatına görə istifadə edilməsinə nəzarət edirmi?

Cavab: Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Bu səbəbdən də neçə məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməsi və təyinatına görə istifadə edilməsi barədə Təhsil Nazirliyində heç bir məlumat yoxdur.  

Sual: İcma tipli bağçaların, qısamüddətli qrupların fəaliyyəti nə yerdədir?

Cavab: Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım, Müasir Təhsil və Tədrisə Yardım mərkəzləri, BP şirkətinin maliyyə dəstəyi ilə isə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən respublikanın bir neçə bölgəsində təşkil edilmiş icma əsaslı qısamüddətli təlim qrupları fəaliyyət göstərir.  

Sual: Adı çəkilən bağçalarla bağlı nə kimi modellərin yaradılması planlaşdırılıb?

Cavab: Adı çəkilən icma əsaslı qısamüddətli təlim qrupları özü model sayılır.