Sual:Test imtahanın nəticələrində hansı keçid balı tətbiq olunacaq?

Cavab: Test imtahanında keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60%, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80% nəzərdə tutulmuşdur.

Sual:Test imtahanında səhv cavablandırılmış sualların sayı düzgün cavablandırılmış sualların sayına təsir edirmi?

Cavab: Xeyr. Test imtahanın balı hesablanarkən səhv cavabların sayı düz cavabların sayına təsir etmir, düz cavabların sayına uyğun bal verilir.

Sual:Həvəsləndirmə tədbirlərinə nələr daxildir?

Cavab: Əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım;
rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya;
rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya və aylıq əməkhaqqına 100 (yüz) manat məbləğində əlavə;

Sual: Həvəsləndirmə tədbirləri kimlərə şamil olunur?

Cavab: Həvəsləndirmə tədbirləri dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir.

Sual:10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Cavab: Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir. Həmin şəxslərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakına məhdudiyyət nəzərdə tutulmur.

Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Sual: Namizədlər qeydiyyatdan necə keçə bilərlər ?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Sual:Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı nə vaxt aparıcalaq?

Cavab: Elektron ərizələrin qəbulu 1-17 iyul 2016-cı il tarixlərində aparılacaq.

Sual:Məktəblərdə tibbi xidmət necə təşkil olunur?

Cavab: Ölkə üzrə ümumi təhsil müəssisələrinin əksəriyyətində tibb otaqları mövcüddur. Həmin otaqlar müvafiq tibbi avadanlıqlarla və ləvazimatlarla (soyuducu, tibbi çarpayı, tərəzi, boyölçən, dərmanların və tibbi ləvazimatların saxlanılması üçün şkaf, şagirdlərin görmə qabiliyyətini müəyyənləşdirmək üçün cədvəl, termometr, fanindoskop, bikslər, manometr və s.) təchiz edilib.
Ümumi təhsil məktəblərində şagirdlər arasında dispanserizasiyanın məqsədi və əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılır, uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsasları, uşaqlara müalicə-profilaktika tədbirləri, onların həyata keçirilməsi qaydaları və əhəmiyyəti barədə məlumatlar verilir.
Həmçinin, şagirdlərlə yolxucu xəstəliklər (vərəm, suçiçəyi, qızılca və s.), mədə-bağırsaq xəstəlikləri və onların profilaktikası, infeksion xəstəlikər, QİÇS, hepatit kimi xəstəliklər, pis vərdişlər, şəxsi gigiyena, kəskin respirator infeksiyadan qorunma tədbirləri və sanitar-gigiyenik qaydalar, bəzi xəstəliklərin törətdiyi fəsadlar haqqında maarifləndirici söhbətlər aparılır.

Sual:Həftəlik dərs yükünün təyin olunmasına Müəllimlərin Dioqnostik Qiymətləndirilməsinin nəticələri təsir edə bilərmi?

Cavab: Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”na əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi diaqnostik qiymətləndirmənin məqsədlərindən biridir. Belə ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü 1.5 dəfə, əməkhaqqları isə 2 dəfə artırılır.
Eyni zamanda, bildiririk ki, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin dərs bölgüsü aparılarkən, müəssisə rəhbəri tərəfindən qiymətləndirmənin nəticələri nəzərə alına bilər.