Müəllimlərin yerdəyişməsinə dair ən çox verilən suallar və onların cavabları

Sual: Yerdəyişmə müsabiqəsində kimlər iştirak edə bilər?

Cavab: Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər sözügedən müsabiqədə iştirak edə bilərlər.

 

Sual: Yerdəyişmə müsabiqəsi zamanı hər hansı imtahan keçiriləcəkmi?

Cavab: Xeyr, hər hansı imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses İnsan resursları mərkəzi tərəfindən bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

 

Sual: Yerdəyişmə müsabiqəsində iştirak etmək istəyən müəllim hansı imtahan nəticəsini seçə bilər?

Cavab: Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər.

 

Sual: İki ixtisasa malik olan müəllim hazırda işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi?

Cavab: Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yəni, müəllim ikinci ixtisası üzrə imtahanda iştirak etmişdirsə, iş yerini həmin ixtisas üzrə də dəyişdirə bilər.

 

Sual: Daimiləşmə müsabiqəsində uğur qazanan şəxslər yerdəyişmə müsabiqəsində iştirak edə biləcəklər?

Cavab: Xeyr, həmin şəxslərlə növbəti tədris ilindən müddətsiz əmək müqaviləsi bağlanılacağı üçün yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

 

Sual: İş yerini dəyişmək istəyən müəllimlərin imtahan ballarının bəzi sosial amillərə əsasən artım əmsalı ilə hesablanması nə zaman və kim tərəfindən həyata keçiriləcək?

Cavab: Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra  namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

 

Sual: Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişə bilərmi?

Cavab: Həmin müəllimlər 2019-2020-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.